Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.
Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib.
Universitetin “Zəfər tarixi” lektoriyasında keçirilən tədbirin moderatoru – İnformasiya və sənəd menecmenti fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Daşqın Məhəmmədli Aprel döyüşlərinin Azərbaycan xalqının hərbi-siyasi tarixində dönüş nöqtəsi olduğunu qeyd edib. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizə tarixi Zəfər qazandırdığını vurğulayıb.
Tədbirə dəvət olunmuş hərbçilər – Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçıları, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabitləri polkovnik Emin Abışov, polkovnik-leytenant Habil Məmmədrzayev, kapitan Anar Hüseynov və gizir Vurğun Qurbanov işğalçı qüvvələrə qarşı aparılan hərbi əməliyyatlar barədə danışaraq döyüş təəssüratlarını görüş iştirakçıları ilə bölüşüb, şəxsi təcrübələrindən və döyüş yoldaşlarının qəhrəmanlığından bəhs ediblər. Qəhrəman zabitlər Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində əsasını qoyduğu siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb, bu siyasətin nəticəsi olaraq ordumuzun müasir standartlara uyğun formalaşdığını diqqətə çatdırıblar. Aprel döyüşlərinin strateji əhəmiyyətini qeyd edərək, bu hadisələrin böyük Zəfərə aparan yolun mühüm mərhələsi olduğunu bildiriblər.
Birinci Qarabağ müharibəsinin veteranı, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, Sənəd menecmenti kafedrasının dosenti Solmaz Sadıqova, həmin kafedranın müəllimi, qazi anası Vəzufə Xudiyeva, İnformasiya və sənəd menecmenti fakültəsinin tələbəsi, şəhid Əli Həsənovun qızı Bahar Əliyeva çıxışlarında qazandığımız tarixi Zəfərdən bəhs edib, bu cür görüşlərin tələbələrdə vətənpərvərlik hisslərinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıblar.

