AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva aprelin 3-də Qazaxıstanın Astana şəhərində yerləşən Qazax Aqro-Texniki Tədqiqat Universitetində keçirilən "Süni intellekt texnologiyalarının təhsil mühitinə inteqrasiyası: nəzəriyyə, təcrübə və gələcək tendensiyalar" adlı beynəlxalq elmi seminarında onlayn iştirak edib.
İnstitutdan “Tehsil365"ə bildirilib ki, şərqşünas-alim seminarda “Suni intellekt vasitəsilə şumer məktəb lövhələrinin və mətnlərinin öyrənilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, dünyanın ilk yazı sistemini (mixi yazıları ) eramızdan əvvəl lll minillikdə şumerlər yaratmış, irili-xırdalı 150 gil lövhə zəmanəmizə gəlib çatmışdır. Bunların bəziləri tədqiq olunsa da, digərlərini oxumaq çox çətindir, çünki gil lövhələrin əksəriyyəti zədəli şəkildə tapılmış, işarələrin sayı çox olmuş, bunları araşdıran mütəxəssislər də az sayda qalmışdır. Bu cəhətdən süni intellekt vasitəsilə şumer məktəb mətnlərini, o cümlədən, ədəbi nümunələrini öyrənmək və araşdırmaq bu işi asanlaşdırır.

