Müasir təhsil sisteminin əsas məqsədi ilə bağlı müzakirələr davam edir. Bəziləri hesab edir ki, təhsil bilik ötürməyə yönəlməlidir, digərləri isə düşünmə bacarıqlarının inkişafını daha vacib sayır. Bəs əslində təhsil sistemi “öyrətməli”, yoxsa “düşündürməlidir”?
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev “Tehsil365"ə açıqlama verib.
Ekspert bildirib ki, “Təhsil sisteminin əsas məqsədi yalnız məlumat ötürmək deyil, eyni zamanda şagirdə düşünməyi öyrətməkdir. Çünki informasiya bu gün hər kəs üçün əlçatandır, lakin onu düzgün analiz etmək bacarığı hər kəsdə formalaşmır.”
Onun sözlərinə görə, ənənəvi təhsil modeli daha çox əzbərçiliyə əsaslanırdı: “Keçmişdə bilik toplamaq ön planda idi. Bu gün isə əsas məsələ həmin bilikdən necə istifadə etməyi bacarmaqdır.”
Ekspert qeyd edib ki, müasir dövrdə tənqidi düşünmə, problem həll etmə və yaradıcılıq bacarıqları daha önəmli hesab olunur: “Şagird sadəcə məlumatı yadda saxlamamalı, onu analiz etməli, müqayisə etməli və nəticə çıxarmağı bacarmalıdır.”
Mütəxəssis vurğulayıb ki, ideal təhsil modeli bu iki yanaşmanı birləşdirməlidir: “Təhsil həm öyrətməli, həm də düşündürməlidir. Bu iki istiqamət bir-birini tamamlayır və balanslı şəkildə tətbiq olunmalıdır.”
Sonda ekspert əlavə edib ki, “Gələcəyin təhsili müstəqil düşünən, qərar verə bilən və dəyişən dünyaya uyğunlaşan fərdlərin yetişdirilməsinə xidmət etməlidir.”

