ABŞ-nin reytinqli ali məktəbləri sırasında yer alan Mayami Universitetinin azərbaycanlı tələbələri Vaqif Kazımlı, Yunus Kazımlı və Yusif Qurbanlının birgə həyata keçirdikləri startap layihəsi böyük maraq yaradıb.
“Tehsil365“ Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, adıçəkilən gənclərimiz süni intellektə əsaslanan yeni nəsil elektron tibbi qeydiyyat sistemi hazırlayıb. Komanda bu layihəni 22-24 aprel tarixində Mayamidə keçiriləcək 20 mindən çox iştirakçını və 60-dan çox ölkəni bir araya gətirəcək “eMerge Americas 2026” texnologiya konfransı və sərgisində təqdim etməyə hazırlaşır. Onlar tədbirə həm “Səhiyyədə süni intellekt” mövzusunda təşkil olunacaq paneldə əsas məruzəçi, həm də sponsor qismində iştirakçı kimi dəvət olunublar.
Elektron sağlamlıq qeydləri platforması həkimlərin gündəlik iş yükünü azaltmağa, tibbi məlumatların idarə olunmasını optimallaşdırmağa və klinik qərarvermə prosesini süni intellekt vasitəsilə dəstəkləməyə yönəlib. Layihə səhiyyə sistemində effektivliyin artırılması baxımından mühüm addım kimi qiymətləndirilir.Bununla yanaşı, layihə Mayami Universitetinin təşkil etdiyi “Tələbə startapları üçün akselerator proqramı” (University Student Startup Accelerator - USTAAR) çərçivəsində keçirilən startap təqdimatı müsabiqəsinin qalibi olub və 100 min ABŞ dolları həcmində investisiya qazanıb. Eyni zamanda, startap Massaçusets Texnologiya İnstitutunun (MIT) İnnovasiya Fondunun qrantına da layiq görülüb.
Platformanın əsas məqsədi həkimlərin sənədləşməyə sərf etdiyi vaxtı minimuma endirmək və onların pasiyentlərlə daha çox vaxt keçirməsinə şərait yaratmaqdır. Sistem eyni zamanda tibbi məlumatların daha sürətli və dəqiq emalını təmin edərək səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə töhfə verməyi hədəfləyir.
Layihənin təsisçisi Vaqif Kazımlı bildirib ki, startap yaxın zamanlarda Mayamidə fəaliyyət göstərən süni intellekt laboratoriyasında keçirilən sammitdə təqdim olunub:“Bu sistemi yaradarkən əsas məqsədimiz həkimlərin işini asanlaşdırmaq və səhiyyə sistemində daha ağıllı, effektiv həllər təqdim etmək idi. Komandamızın digər üzvləri Yunus Kazımlı və Yusif Qurbanlı sonradan layihəyə qoşularaq onun inkişafına böyük töhfə verib. Hazırda startap layihəsi ABŞ-nin bir sıra aparıcı xəstəxanalarında sınaqdan keçirilmək üzrədir. Biz bu layihənin gələcəkdə Azərbaycanda da tətbiq olunmasını arzulayırıq. Məqsədimiz ölkəmizdə elektron tibbi qeydiyyat sahəsində yeni mərhələyə keçidi sürətləndirmək, eyni zamanda mərkəzləşdirilmiş və süni intellektlə dəstəklənən platforma ilə vətəndaşlara daha səmərəli və keyfiyyətli xidmət göstərilməsini təmin etməkdir”.
Məlumat üçün bildirək ki, Yunus Kazımlı 2025-ci ildə ABŞ-nin Virciniya ştatının Corc Meyson Universitetində keçirilən 2-ci Amerika Azərbaycanlı Gənclər Forumunda iştirak edib.

