O bildirib ki, gənclər milli-mənəvi dəyərləri öyrənməyə həssasdırlar, lakin çox vaxt onlara təqdim olunan din anlayışı natamam olur.
İlahiyyatçı Əkrəm Həsənov “Tehsil365“ə açıqlamasında gənclərin dinə münasibəti, mövcud boşluqlar və bu sahədə düzgün yanaşmanın vacibliyindən danışıb.
Onun sözlərinə görə, hazırda ən ciddi boşluq dinin mahiyyətinin deyil, formasının öyrədilməsidir. Bir çox gənc din deyəndə yalnız qadağalar, qaydalar və zahiri görünüşlər anlayır. Halbuki Quranda Allah insanın surətinə deyil, qəlbinə və əməllərinə baxdığını bildirir. Bu isə dinin mərkəzinin insanın daxili aləmi olduğunu göstərir.
Əkrəm Həsənov qeyd edib ki, gənclərə dinlə bağlı məsələlər izah olunarkən imanla ağılı ayırmaq böyük səhvdir. Quranda dəfələrlə “düşünməzsinizmi”, “ağıl etməzsinizmi” çağırışları var. İman yalnız hiss üzərində qurulanda davamlı olmur, həm məntiq, həm də mənalandırma ilə formalaşmalıdır.
İlahiyyatçı gənclərin sual verməsinə imkan verilməməsini də ciddi problem kimi dəyərləndirib: “Dinlə bağlı sual verən gənc ya qınanır, ya susdurulur. Halbuki İslam tarixində ən böyük inkişaf sual üzərində qurulub. Quranda İbrahim peyğəmbərin Allahdan ölü necə dirildiyini soruşması açıq şəkildə göstərilir. Bu, imana zidd deyil, əksinə imanı dərinləşdirən bir yoldur.”
O, dinin qorxu üzərindən təqdim olunmasının da gənclərdə mənfi təsir yaratdığını vurğulayıb. Allahın Quranda “Rəhman və Rəhim” olaraq təqdim edildiyini xatırladan Həsənov bildirib ki, sevgi və anlayış üzərində qurulan inanc daha sabit olur.
Əkrəm Həsənov əlavə edib ki, gənclərin etimadını sarsıdan digər amil rol model problemidir. Gənclər danışılan dinlə yaşanan din arasında fərq gördükdə inamları zəifləyir. Quranda “niyə etmədiyinizi deyirsiniz” ayəsi məhz bu problemi göstərir.
İlahiyyatçı müasir elmlə dinin qarşı-qarşıya qoyulmasının da gənclərdə çaşqınlıq yaratdığını bildirib. Onun sözlərinə görə, tarixdə İslam sivilizasiyası elmlə birlikdə inkişaf edib və bu gün də elm ilə din bir-birini tamamlamalıdır. Albert Einstein-in “din olmadan elm kor, elm olmadan din topaldır” fikrini xatırladan Həsənov balansın vacibliyini vurğulayıb.
Sonda o qeyd edib ki, gənclərin dindən uzaqlaşmasının səbəbi dinin mahiyyətində deyil, onun necə təqdim olunmasındadır: “Əgər biz dini qorxu dili ilə deyil, anlayış dili ilə, qadağalarla deyil, hikmətlə, təzyiqlə deyil, izahla təqdim etsək, bu boşluqlar tədricən aradan qalxar. Gənc düşünərək iman edəndə, o iman artıq təsadüfi deyil, şüurlu və davamlı olur.”

