Tarix üzrə elmlər doktoru, professor İradə Bağırova bildirir ki, tarixi filmlər və seriallar əksər hallarda tarixi faktları dəqiqliklə çatdırmaq məqsədilə deyil, tamaşaçını cəlb etmək üçün hazırlanır. Bu səbəbdən onlar həmişə real tarixi hadisələri tam əks etdirə bilmir.
İradə Bağırova “Tehsil365”ə açıqlamasında bildirib ki, ssenari müəllifləri tarixçiləri məsləhətçi kimi cəlb etsələr də, hadisələrin gedişini dramatik etmək üçün illərlə baş verənləri günlər və həftələr ərzində göstərirlər. Münaqişələr gücləndirilir, sevgi xətləri əlavə olunur, uydurma personajlar yaradılır və tarixi hadisələr bugünkü auditoriyaya uyğunlaşdırılır.
Ən güclü tarixi filmlərdə dövrün ab-havası, geyimlər, davranış tərzi və əsas tarixi faktlar öz əksini tapır. Lakin dialoqlar və personajların xarakteri ssenari müəllifinin yaratdığı bədii təsəvvürdür və gündəlik həyatı əks etdirmir.
Məsələn:
“Möhtəşəm yüzıl” serialında Sultan Süleymanın qərarları şəxsi emosiyalara əsaslanmış kimi göstərilir və Hürrəmin dövlət işlərinə təsiri şişirdilir.
Sovet dövründə Azərbaycanfilm tərəfindən çəkilmiş tarixi filmlərdə A. Bakıxanov, M. F. Axundov, N. Nərimanov kimi şəxsiyyətlərin obrazları ideoloji təsir altında təqdim olunub.
Beləliklə, tarixi filmlər tarixin özü deyil, rejissor və ssenari müəllifinin interpretasiyasıdır. Onlara qəti bilik mənbəyi kimi deyil, tarixi mövzulara maraq oyandıran bir vasitə və bədii əsər kimi baxmaq lazımdır.

