Azərbaycan Silahlı Qüvvələrinin igid zabitlərindən biri olan Samid İmanov göstərdiyi qəhrəmanlıq və fədakarlıqla xalqın yaddaşında əbədi yer tutub.
“Tehsil365” xəbər verir ki, 1981-ci il oktyabrın 14-də Neftçala rayonunun Həsənabad kəndində anadan olan Samid İmanov hərb sənətinə böyük sevgi ilə yanaşaraq Vətənə xidmət yolunu seçmişdir.
Xüsusi Təyinatlı Qüvvələrin mayoru kimi xidmət edən Samid İmanov döyüş hazırlığı və liderlik keyfiyyətləri ilə seçilib. O, 2016-cı ilin aprelində baş verən döyüşlər zamanı ön cəbhədə vuruşaraq düşmənə qarşı həyata keçirilən əməliyyatlarda xüsusi şücaət göstərib.
Samid İmanov 4 aprel 2016-cı ildə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Onun xatirəsi bu gün də dərin ehtiramla yad edilir və göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün nümunə hesab olunur.

