Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının təşkilatçılığı ilə fakültənin sabiq dekanı, görkəmli filoloq Vilayət Hacıyevin 76-cı doğum gününə həsr olunmuş dəyirmi masa keçirilib.
“Tehsil365” xəbər verir ki,tədbirdə kafedranın müəllimləri və tələbələr iştirak ediblər. Dəyirmi masa çərçivəsində fransız dili müəllimləri baş müəllim Əhmədova Mətanət, baş müəllim Əyyubova Xədicə, müəllim Rəhmanova Nəzrin, həmçinin ispan dili müəlliməsi baş müəllim Qənbərli Jalə çıxış edərək Vilayət Hacıyevlə bağlı xatirələrini iştirakçılarla bölüşüblər.
Tədbir zamanı Vilayət Hacıyevin həyat və yaradıcılıq yolu, eləcə də Azərbaycan Dillər Universitetindəki çoxillik fəaliyyəti barədə təqdimat nümayiş olunub. Qeyd edilib ki, o, 1973-cü ildən etibarən universitetdə fəaliyyət göstərərək təhsil və elm sahəsinə mühüm töhfələr verib.
Bildirilib ki, Vilayət Hacıyev dünya ədəbiyyatının görkəmli nümayəndələri – Erix Mariya Remark, Herman Hesse, Haynrix Böll, Stefan Svayq, Frans Kafka, Lion Feyxtvanger, Daniel Kelman və digər müəlliflərin əsərlərini orijinaldan Azərbaycan dilinə tərcümə edərək milli mədəniyyət xəzinəmizin zənginləşməsində mühüm rol oynayıb.
Onun tərcümə fəaliyyəti yüksək qiymətləndirilib. Belə ki, Vilayət Hacıyev 2012-ci ildə Frans Kafkanın “Məhkəmə” romanının uğurlu tərcüməsinə görə Avstriyanın “Tərcümə Mükafatı”na, həmçinin Azərbaycan Yazıçılar Birliyinin “Tofiq Bayram” mükafatına layiq görülüb. 2019-cu ildə Haynrix Böllün “Kişisiz ev” romanının Azərbaycan dilinə tərcüməsinə görə “Qızıl Kəlmə” mükafatı ilə təltif olunub. 2020-ci ildə isə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Fəxri diplom”u ilə mükafatlandırılıb.
Eyni zamanda vurğulanıb ki, Avstriya Respublikasının Federal Prezidenti tərəfindən, Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafına, Avstriya ədəbiyyatının tədqiqi və tərcüməsinə verdiyi töhfələrə görə Vilayət Hacıyev “Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç” ordeni ilə təltif edilib.
Sonda qeyd olunub ki, Vilayət Hacıyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

