03 aprel 2026-cı il tarixində Azərbaycan Dillər Universitetində Fransız dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə “Dilimizi qoruyaq” adlı elmi seminar keçirilib.
“Tehsil365” xəbər verir ki, seminarın əsas məqsədi ana dilinin qorunması, saflığının təmin olunması və müasir dövrdə dilə göstərilən təsirlərin elmi müstəvidə müzakirəsi olub. Tədbiri kafedranın müəllimi Aynurə Cəbiyeva aparıb.
Seminarda kafedranın əməkdaşları ilə yanaşı, Filologiya fakültəsinin dekanı dosent Aynur Budaqova, dekan müavini, həmçinin fakültə nəzdində fəaliyyət göstərən kafedraların müdirləri – akademik Muxtar İmanov və dosent Sevinc Hüseynova iştirak ediblər. Eyni zamanda, fakültənin 147-ci və 156-cı qrup tələbələri də müzakirələrə fəal qoşulublar.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, dosent Vəfa Seyid “Ana dilimiz – milli kimliyimizdir” mövzusunda çıxış edərək ana dilinin milli-mənəvi dəyərlərin daşıyıcısı olduğunu vurğulayıb və onun qorunmasının hər bir vətəndaşın borcu olduğunu diqqətə çatdırıb.
Daha sonra kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sücəddin Əyyublu “Dilimizin saflığını qorumaq hər birimizin müqəddəs borcudur” mövzusunda məruzə ilə çıxış edib. O, qloballaşma şəraitində dilə daxil olan yad sözlərin təsiri, dil normalarının qorunmasının vacibliyi və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsinin zəruriliyindən bəhs edib.
Kafedranın digər baş müəllimi Ağabikə Əliyeva “Dilin təmizliyinin qorunmasında jurnalistikanın rolu” mövzusunda çıxış edərək kütləvi informasiya vasitələrinin dilə təsirindən danışıb, mediada dil normalarına riayət olunmasının əhəmiyyətini vurğulayıb.
Seminar çərçivəsində Aynurə Cəbiyeva “Azərbaycan dilinin tarixi inkişafı” mövzusunda təqdimatla çıxış edərək dilin formalaşma mərhələləri və müasir dövrdə qazandığı status barədə ətraflı məlumat verib. Mövzular ətrafında iştirakçılar tərəfindən geniş müzakirələr aparılıb.
Seminarın sonunda Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov çıxış edərək Azərbaycan dilinin tarixi inkişaf yolu, digər dillərlə qarşılıqlı təsiri və dövlət dili kimi əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Tədbirin bədii hissəsində tələbələrin çıxışları təqdim olunub. Filologiya fakültəsinin tələbələri Sara Dəmiray, Aysun Əliyeva və Mahirə Nağıyeva “Dədəm, babam amanatı, Ana dilim” adlı şeiri səsləndirib, İngilis və fransız dilləri fakültəsinin tələbəsi Fatimə Hüseynova isə Süleyman Rüstəmin “Ana dilimə dəymə” şeiri ilə çıxış edib.

