Gürcüstan Texniki Universiteti (GTU) ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.Sənədi rektorlar - akademik Davit Qurgenidze və professor Zəfər Qurbanov imzalayıblar.
“Tehsil365” xəbər verir ki, məlumatı Gürcüstan Texniki Universiteti yayıb.
Akademik Davit Qurgenidzenin sözlərinə görə, gələcək əməkdaşlıq kontekstində Azərbaycan Dövlət Aqrar Universiteti ilə imzalanan memorandum bir çox cəhətdən vacibdir və onun həyata keçirilməsi hər iki ölkənin kənd təsərrüfatı sektorunun və iqtisadiyyatının inkişafına töhfə verəcək.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Zəfər Qurbanov bildirib ki, memorandumun imzalanması iki universitet arasında əməkdaşlığın yeni mərhələsinin təməlini qoyub. Bu, yeni birgə layihələrin, təhsil proqramlarının və elmi tədqiqatların həyata keçirilməsinə güclü təkan verəcək. Bu, iki ölkənin akademik dairələri və ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi və yeni birgə elmi və tədqiqat layihələrinin həyata keçirilməsi üçün ilkin şərt olacaq.

