Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə təhsil alan və Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə pedaqoji təcrübə keçən tələbələr Zəfər Muzeyinə ziyarət ediblər. Ziyarətin məqsədi tələbələrdə vətənpərvərlik ruhunun aşılanması və tarixi şüurun gücləndirilməsi olub.
“Tehsil365” xəbər verir ki, tələbələr ziyarət zamanı Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi dövründə baş vermiş hadisələr, qəhrəmanlıq nümunələri və milli-mənəvi dəyərlər barədə biliklərini daha da dərinləşdiriblər. Muzeyin zəngin ekspozisiyası və müasir texnoloji vasitələr vasitəsilə hərbi əməliyyatların gedişi və əldə olunmuş tarixi Qələbə barədə ətraflı məlumat əldə ediblər.
Ziyarət çərçivəsində şəhidlərin xatirəsi ehtiramla yad olunub, onların Vətən uğrunda göstərdikləri şücaət və fədakarlıqlar xüsusi vurğulanıb.

