Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Regionlarda peşə təhsili, imkanlar və perspektivlər” mövzusuna həsr olunan təhsil forumu keçirilib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, forum iştirakçıları ilk olaraq Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olublar.
Forumun əsas məqsədi regionlarda peşə təhsilinin mövcud vəziyyətini qiymətləndirmək, bu sahədə inkişaf istiqamətləri, yeni yanaşmalar və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı məsələlərini müzakirə etmək olub. Forum çərçivəsində panel müzakirələri keçirilib, müvafiq dövlət qurumlarının nümayəndələri, təhsil ictimaiyyəti və digər maraqlı tərəflərin iştirakı ilə regionlarda ixtisaslı kadr hazırlığının gücləndirilməsi, eləcə də dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Forum regionlarda peşə təhsilinin rolunun gücləndirilməsi, mövcud imkanların dəyərləndirilməsi və əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayacaq.
Qeyd edək ki, forum Milli Məclisin Elm və təhsil komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

