YAP Gəncə şəhər təşkilatının və Gəncə Dövlət Universitetinin (GDU) birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilmiş “Aprel döyüşləri – Zəfər yolu” adlı elmi-praktiki konfrans keçirilib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş olunub.
GDU-nun rektoru Yusif Yusibov çıxış edərək Aprel döyüşlərinin tarixi əhəmiyyəti haqqında danışıb. Bildirib ki, Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən tarixi Aprel döyüşlərindən 10 il ötür. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi ardıcıl təxribatlara cavab olaraq həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu mühüm hərbi-strateji uğurlar əldə edib. Döyüşlər zamanı Silahlı Qüvvələrimiz düşmənə sarsıdıcı zərbələr endirib, onun canlı qüvvəsini və hərbi texnikasını məhv edib. Rektor onu da vurğulayıb ki, Aprel döyüşləri böyük Zəfərin – İkinci Qarabağ müharibəsi zamanı qazanılan tarixi Qələbənin əsasını qoyub. On il əvvəl Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin çox hissəsinin azad edilməsi və mühüm hərbi-strateji yüksəkliklərdə sancılan üçrəngli bayrağımız millətimizin haqq mübarizəsindəki qələbəsinin başlanğıcı olub. Bu uğurun əldə olunmasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, güclü diplomatik fəaliyyət və müasir ordu quruculuğu xüsusi rol oynayıb.
Milli Məclisin deputatı, GDU-nun Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə çıxış edərək Aprel döyüşlərində xalqımızın qəhrəmanlıq salnaməsindən danışıb. Bildirib ki, bu döyüşlər həm də illərlə aparılan uğurlu ordu quruculuğunun, müasir texnologiyaların tətbiqinin və peşəkar kadr hazırlığının nəticəsi idi. Ən əsası isə, bu qələbə xalq–ordu birliyinin sarsılmaz olduğunu nümayiş etdirdi. Aprel döyüşləri bir daha göstərdi ki, xalqımız öz torpaqlarını qorumağa hər zaman hazırdır və milli birlik ən böyük güc mənbəyidir.
Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Azərbaycan xalqının əldə etdiyi böyük Qələbənin əsasının məhz Aprel döyüşləri ilə qoyulduğunu xüsusi ilə qeyd edərək bildirib ki, Vətən müharibəsində nümayiş olunan xalq-dövlət-ordu birliyi, uzun illərin işğalından sonra geri qaytarılan torpaqlar məhz on il əvvəl başlanılan hərbi əməliyyatların nəticəsi idi.
Daha sonra Aprel döyüşləri qazisi Bəxtiyar Feyruzi “Aprel döyüşləri Vətən müharibəsinin bir parçası” mövzusunda çıxış edərək döyüş xatirələrini bölüşüb.
Konfransda Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyevin “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin “Şanlı və uğurlu Aprel döyüşlərindən 10 il ötür”, GDU Tələbə Gənclər Təşkilatının (TGT) sədri İsrafil Abbasovun “Aprel Zəfəri” mövzularında məruzələri dinlənilib.
Daha sonra Tarix və coğrafiya fakültəsinin tələbəsi Sücayət İsmayılova “Zəfər Bayrağı” şeirini səsləndirib. Tədbir Gəncə Dövlət Universitetinin Musiqi fənləri kafedrasının hazırladığı “Qarabağ Azərbaycandır” adlı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

