Aprelin 4-də görkəmli teatrşünas-alim, sənətşünaslıq doktoru, AMEA-nın müxbir üzvü, professor İnqilab Kərimovun anadan olmasının 95 illiyi münasibətilə “Teatrşünas-alim İnqilab Kərimov – 95” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
“Tehsil365“ xəbər verir ki, Milli Kitabxanadan bildirilib ki, sərgidə alimin Azərbaycan teatr tarixi, dramaturgiyası və görkəmli sənət xadimlərinin yaradıcılığına dair tədqiqatları, elmi əsərləri, monoqrafiyaları, rəyçi və redaktor olduğu, həyatı və elmi fəaliyyətini əks etdirən Azərbaycan və rus dilində ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
İnqilab Saleh oğlu Kərimov 1931-ci il aprelin 4-də Göyçay şəhərində anadan olub. O, orta təhsilini Göyçay şəhərində alıb, 1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Teatrşünaslıq fakültəsini bitirib. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda fəaliyyətə başlayıb, 1985-ci ildən ömrünün sonunadək institutun Teatr, Kino və Televiziya şöbəsinə rəhbərlik edib.
İnqilab Kərimov 1963-cü ildə “Sovet Azərbaycanının gənclər teatrı” adlı namizədlik dissertasiyasını, 1988-ci ildə “Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri)” adlı doktorluq dissertasiyasını Moskvada müdafiə edərək sənətşünaslıq doktoru alimlik dərəcəsi alıb, həmin il professor elmi adına layiq görülüb, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Milli teatrşünaslıq elminin yaradıcılarından olan İnqilab Kərimov Azərbaycan teatrının tarixi, tənqidi və nəzəri problemlərinə dair yüzlərlə elmi məqalənin və təxminən 200 elmi əsərin, o cümlədən 25 monoqrafiya və kitabın - “Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri”, “Azərbaycan teatr tarixi” (I, II cild), “Heydər Əliyev: sənət, sənətkarlar və sənətkarlıq haqqında”, “Abdulla Şaiq və teatr – 80”, “Ağadadaş Qurbanov”, “Ə.Haqverdiyev və teatr”, “Nəriman Nərimanov və teatr” və s. müəllifidir.
Professor İnqilab Kərimovun rəhbərliyi ilə 15 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb. O, həmçinin yüksəkixtisaslı mədəniyyət kadrlarının hazırlanmasına böyük töhfə verib.
Görkəmli alim bədii yaradıcılıqla da məşğul olub. O, “Necə qan ağlamasın” adlı hekayələr kitabının müəllifi olub, Bakı Bələdiyyə Teatrında “Xəyanətin müsibəti” faciəsini, həmçinin 18 pyesi tərcümə edərək müxtəlif teatr səhnələrində tamaşaya qoyub.
Professor İnqilab Kərimovun əsərləri, elmi araşdırmaları Azərbaycan teatrı və mədəniyyətinin inkişafına böyük töhfə verib.

