Psixoloq Nuriyyə Vidadi qızı bildirir ki, insan psixologiyası düşündüyümüzdən daha mürəkkəbdir və çox vaxt insanlar zərərli münasibətdə qalma səbəblərini özlərinə belə tam izah edə bilmirlər.
Onun “Tehsil365”ə açıqlamasında görə, hər münasibət ilkin mərhələdə zərərli olmur:
“Başlanğıcda sevgi, diqqət və emosional bağlılıq olur. İnsan zamanla bu hisslərə öyrəşir və onlardan asılı hala gəlir. Lakin bir müddətdən sonra münasibət fərqli mərhələyə keçir və əvvəlki müsbət duyğular yerini zərərverici hisslərə verir.”
Psixoloq qeyd edir ki, münasibət zərərli hala gəlsə belə, insanlar onu tərk etməkdə çətinlik çəkirlər. Bunun səbəbi isə daxili inandırmalar və ümidlərlə bağlıdır:
“İnsan özünü ‘bəlkə düzələr’, ‘yenə əvvəlki kimi olar’, ‘bir şans da verməliyəm’ kimi düşüncələrlə aldadır. Bu isə münasibətdən çıxmağı daha da çətinləşdirir.”
Onun sözlərinə görə, zərərli münasibəti bitirməyin çətinliyi əsasən özgüvənsizlik, qorxular və emosional asılılıqla bağlıdır:
“İnsan tək qalmaqdan, yeni münasibət qura bilməməkdən və ya həyatına başqa birinin daxil olmamasından ehtiyat edir. Eyni zamanda öyrəşdiyi münasibət modeli də onu saxlayan əsas amillərdəndir.”
Nuriyyə Vidadi qızı vurğulayır ki, zərərli münasibətdə qalmaq zəiflik kimi qiymətləndirilməməlidir:
“Bu, zəiflik deyil. Sadəcə insan psixologiyası göründüyü qədər sadə deyil. İnsan hər zaman sürətli və məntiqli qərar verə bilmir. Onu həmin münasibətdə saxlayan emosional ehtiyaclar olur.”
Psixoloq əlavə edir ki, insanlar yalnız real zərəri dərindən hiss etdikdə bu cür münasibətlərdən uzaqlaşa bilirlər:
“İnsan mənəvi, fiziki və ya maddi zərəri açıq şəkildə hiss etdikdə artıq qərar verir və münasibətdən çıxır. Amma bəzən vəziyyət o qədər çətin olur ki, zərərli münasibət belə onun üçün yeganə sığınacaq kimi qalır.”
Sonda psixoloq cəmiyyətə də mesaj verir:
“Kənardan baxaraq ‘xoşbəxt deyilsə, niyə getmir?’ demək düzgün deyil. İnsan bəzən gedə bilmədiyi üçün qalır – çünki imkanı, dəstəyi və ya sığınacağı olmur.”

