Gürcüstanın Qardabani bələdiyyəsində yerləşən 3 nömrəli orta məktəbin şagirdi Səmərqənd Pərviz qızı Həşimova Gələcək Liderlər Mübadiləsi – FLEX beynəlxalq proqramının qalibi olub.
“Tehsil365“ xəbər verir ki, soydaşımız bu proqram çərçivəsində Gürcüstandan seçilən yeganə azərbaycanlı şagird kimi fərqlənib.
Qeyd edək ki, Səmərqənd Həşimovanın təhsil aldığı məktəb 2010-cu ildə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində əsaslı şəkildə yenidən qurulub. Səmərqəndin atası Pərviz Həşimov bildirib ki, məhz bu məktəbdə yaradılmış müasir təhsil şəraiti övladının uğur qazanmasında mühüm rol oynayıb. O, yaradılan bu şəraitə görə Gürcüstan dövlətinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Həşimova Səmərqənd 2009-cu ildə Qardabanidə anadan olub və 2015-ci ildə həmin məktəbin birinci sinfinə qəbul edilib.
FLEX proqramı ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən, müxtəlif ölkələrdən olan məktəblilərə ABŞ-də bir il təhsil almaq imkanı yaradan nüfuzlu mübadilə proqramıdır. Proqram çərçivəsində hər il on minlərlə şagird çoxmərhələli seçim prosesindən keçir və yalnız ən layiqli namizədlər qalib olur.
Proqrama qəbul olunan şagirdlər ABŞ-də bir il ərzində orta məktəbdə təhsil alır, könüllü ailələrdə yaşayır, liderlik bacarıqlarını inkişaf etdirir və öz ölkələrinin mədəniyyətini təmsil edirlər.
Səmərqənd Həşimovanın bu ilin iyul ayında Vaşinqton şəhərinə yola düşəcəyi gözlənilir.

