Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xalq yazıçısı, dövlət mükafatı laureatı, görkəmli ictimai xadim Maqsud İbrahimbəyovun “Qora libosli ayol tashrifi” (“Qara paltarlı qadın”) əsərinin özbək dilində nəşrinin təqdimatı keçirilib.
“Tehsil365" xəbər verir ki, bu nəşr Mədəniyyət Nazirliyi və Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi çərçivəsində ərsəyə gəlib.
Təqdimat mərasimində elm və ədəbiyyat xadimləri, mədəniyyət nümayəndələri, ictimaiyyət təmsilçiləri, jurnalistlər, tələbələr və Özbəkistanda yaşayan azərbaycanlı icmasının üzvləri iştirak ediblər.
Tədbirin əvvəlində Maqsud İbrahimbəyovun həyat və yaradıcılığına həsr olunmuş qısa sənədli videoçarx nümayiş etdirilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxışında vurğulayıb ki, bu nəşr Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, görkəmli yazıçı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd olunması çərçivəsində həyata keçirilib. O bildirib ki, yazıçı Azərbaycan ədəbiyyatında xüsusi yer tutmaqla yanaşı, dramaturq, ssenarist və rejissor kimi də zəngin və çoxşaxəli yaradıcılığı ilə seçilib. Direktor vurğulayıb ki, “Qara paltarlı qadın” əsəri insanın daxili dünyasını və həyatın mürəkkəb tərəflərini dərin bədii ifadə ilə əks etdirən mühüm ədəbi nümunələrdən biridir. Onun sözlərinə görə, əsərin özbək dilində nəşri Azərbaycan ədəbiyyatının daha geniş oxucu auditoriyasına çatdırılmasına, eləcə də elmi-ədəbi əlaqələrin inkişafına xidmət edir.
Tədbirdə çıxış edən Daşkənd şəhər Şurasının deputatı, fəlsəfə elmləri doktoru, professor Cəmilə Şermuxammedova və Özbəkistan–Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov əsərin ədəbi xüsusiyyətlərindən bəhs edərək onun insan psixologiyasını və həyatın dramatizmini dərin və təsirli bədii vasitələrlə təqdim etdiyini qeyd ediblər.
Digər çıxış edənlər – Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin professoru Niginahon Şermuxamedova, Özbəkistan Yazıçılar Birliyinin üzvləri, şairələr Gulbahor Saydiganiyeva və Dilarom Abrahmanqızı, eləcə də kitabın tərcüməçisi Şahlo Kosimova əsərin özbək dilinə tərcüməsinin əhəmiyyətini vurğulayaraq bu nəşrin Azərbaycan və Özbəkistan arasında ədəbi əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildiriblər.
Tədbirdə yazıçının həyat yoldaşı Anna İbrahimbəyova çıxış edərək Maqsud İbrahimbəyovun yaradıcılığının əsas xüsusiyyətləri barədə danışıb. O qeyd edib ki, müəllif əsərlərində insan talelərini dərin psixoloji çalarlarla təsvir etməyi bacarırdı. Eyni zamanda tədbir zamanı iştirakçıların əsərlə bağlı ünvanladıqları sualları cavablandıraraq fikirlərini bölüşüb.
Təqdimat çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppası tərəfindən əsərin motivləri əsasında hazırlanmış səhnə kompozisiyası təqdim olunub, “Qarabağ Zəfəri” rəqs ansamblı isə Azərbaycan xalq rəqslərinin zənginliyini əks etdirən xoreoqrafik nömrələrlə çıxış edib.
Tədbirin sonunda kitabın imzalanma mərasimi təşkil olunub.

