Son illərdə onlayn təhsilin sürətlə inkişafı ənənəvi təhsil modelinin gələcəyi ilə bağlı müzakirələri artırıb. Bəziləri bu formatın klassik təhsili zəiflətdiyini düşünür, digərləri isə onu alternativ imkan kimi dəyərləndirir.
Mövzu ilə bağlı təhsil eksperti Teyyub Ağayev “Tehsil365"ə açıqlama verib.
Ekspert bildirib ki, “Onlayn təhsil ənənəvi təhsili zəiflətməkdən çox, onu tamamlayan bir vasitə kimi qiymətləndirilməlidir.”
Onun sözlərinə görə, hər iki modelin öz üstünlükləri var: “Ənənəvi təhsil sosiallaşma, canlı ünsiyyət və nizam-intizam baxımından əvəzolunmazdır. Onlayn təhsil isə əlçatanlıq və elastiklik baxımından üstünlük təşkil edir.”
Ekspert qeyd edib ki, problem bu iki modelin qarşılaşdırılmasında deyil: “Əsas məsələ onların düzgün inteqrasiyasıdır. Hibrid təhsil modeli gələcək üçün daha real və effektiv yanaşma hesab olunur.”
Sonda o vurğulayıb ki, “Onlayn təhsil düzgün tətbiq olunduqda təhsil imkanlarını genişləndirir və ənənəvi sistemi zəifləndirmək əvəzinə gücləndirə bilər.”

