Onun sözlərinə görə, valideynlərin ən böyük səhvlərindən biri övladlarını başqaları ilə müqayisə etməkdir.
Psixoloq Nabat Mirzəyeva “Tehsil365”ə açıqlamasında deyib: “Uşaqların tərbiyəsində valideynlərin rolu son dərəcədə böyükdür. Məktəb və digər təhsil ocaqlarının təsiri olsa da, uşağın şəxsiyyətinin formalaşmasında ən əsas məsuliyyət valideynlərin üzərinə düşür.”
“Bu, uşaqlarda özünə inamsızlıq, qəzəb və dəyər hissinin zəifləməsinə səbəb olur. Uşaqlar böyüdükdə belə bu müqayisələrin acısını unutmur və özlərini daim başqaları ilə ölçülən bir fərd kimi hiss edirlər. Hər zaman ‘filankəsin uşağı’ misalı ilə böyüyən övladlar illər sonra belə bu yanaşmadan yaranan psixoloji yaraları daşıyır.”
Psixoloq əlavə edib ki, digər yanlış yanaşma uşaqların paylaşdığı hissləri, qorxuları və narahatlıqları ciddiyə almamaqdır. “Valideynlər övladlarını dinləməli, onların duyğularını qəbul etməli və ciddi yanaşmalıdırlar. Çünki həmin an uşağın yaşadığı emosiya onun üçün real və önəmlidir. ‘Boş şeydir, böyütmə’ kimi ifadələr uşağın duyğularını kiçildir və gələcəkdə özünü ifadə etməkdən çəkinməsinə səbəb olur.”
Mirzəyeva həmçinin valideynlərin ya həddindən artıq nəzarətçi, ya da tam laqeyd davranmasının uşağın psixoloji inkişafına mənfi təsir göstərdiyini vurğulayıb. “Çox idarə etməyə çalışmaq uşağın sərbəst addım atmaq bacarığını zəiflədir, laqeydlik isə təhlükəsizlik və dəyər hissini zədələyir. Sağlam yanaşma bu iki uçurum arasında balans yaratmaqdır.”
Psixoloq diqqətə çatdırıb ki, uşaqlara yalnız dərslərdəki nəticələrinə görə dəyər vermək də yanlış yanaşmadır. “Afərin, sənə 5 aldın, indi səni daha çox sevirəm” kimi yanaşmalar uşağın gələcəkdə uğursuzluqdan qorxmasına və risk etməkdən çəkinməsinə səbəb ola bilər. Valideynlər övladlarının çalışmasını, səylərini nəzərə almalı, sevgini və anlayışı balanslı şəkildə göstərməlidirlər.”
Nabat Mirzəyeva nəticə olaraq bildirib: “Uşaqların sağlam psixoloji inkişafı üçün valideynlər övladlarını müqayisə etməməli, onların hisslərini dinləməli, sevgi və diqqəti balanslı şəkildə göstərməli, güvənli mühit yaratmalıdırlar. Bu, uşağın gələcəkdə özünə inamlı, sağlam düşüncəli və balanslı bir fərd kimi formalaşmasının əsas şərtidir.”

