Iranda bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.
“Tehsil365” Türkiyə mediasına istinadən xəbər verir ki, İran Təhsil Nazirliyi və Milli Təhlükəsizlik Şurasının birgə qərarına əsasən, ölkə üzrə bütün ibtidai, orta və ali təhsil müəssisələri qeyri-müəyyən müddətə bağlanıb.
Rəsmi qurumlar qərarın səbəbini “milli təhlükəsizlik və ictimai asayiş” amilləri ilə izah edib. Bildirilib ki, şagirdlərin, tələbələrin və təhsil işçilərinin təhlükəsizliyinin təmin olunması prioritet hesab olunur.
Qərarın milyonlarla şagird və tələbənin təhsilinə birbaşa təsir edəcəyi qeyd olunur. Ekspertlər bu addımın akademik təqvim, imtahan cədvəlləri və məzuniyyət prosesində ciddi gecikmələrə səbəb ola biləcəyini bildirir.
Rəsmilər təhsil prosesinin davam etdirilməsi üçün onlayn və məsafədən təhsil imkanlarının nəzərdən keçirildiyini açıqlayıb. Lakin ölkə üzrə internet və texniki infrastruktur fərqləri səbəbindən bu sahədə çətinliklərin yarana biləcəyi vurğulanır.

