BDU könüllüləri” təşkilatının “Ustaddan öyrən” layihəsi çərçivəsində Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair, professor Zahid Xəlil Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb.
BDU-dan “Tehsil365” ə bildirilib ki, görüş “Libra kitab” nəşriyyat evinin təşkilati dəstəyi ilə keçirilib.
Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov “Ustaddan öyrən” layihəsi çərçivəsində keçirilən görüşlərdən söz açıb. Bildirib ki, layihə gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda inkişafını təmin etmək məqsədilə keçirilir: “Bugünkü qonağımız Zahid Xəlil Azərbaycan uşaq ədəbiyyatının tanınmış simasıdır. O, yaradıcılığının əsas hissəsini uşaqlar üçün şeir, nağıl, poema yazmağa həsr edib. Alimin “Azərbaycan uşaq poeziyası və folklor”u və “Azərbaycan uşaq ədəbiyyatının mənşəyi, təşəkkülünün əsas amilləri və inkişaf problemləri” haqqında namizədlik və doktorluq dissertasiyaları bu sahənin geniş tədqiqinə həsr olunub”.
“Gənc istedadlar” liseyinin direktoru Fuad Babayev Zahid Xəlilin uşaq psixologiyasını dərindən bilən yazıçılarımızdan olduğunu söyləyib: “Bu baxımdan onun yaradıcılığı uşaqlar tərəfindən çox sevilir”.
Görüşün moderatoru, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan görkəmli alimin, şairin həyat yolu, yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, onun şeirlərinin əksəriyyəti uşaqları əməyə məhəbbət, həyatın mənasını başa düşmək, Vətəni sevmək, doğru danışmaq kimi gözəl hisslər ruhunda tərbiyə etməyə xidmət edir. “Torağaylar oxuyur”, “Ballıca”, “Çıraq nənənin nağılları” kimi şeir və nağıllar Zahid Xəlil yaradıcılığının bəhrəsidir.
Daha sonra çıxış edən professor Zahid Xəlil şagirdlərə öz tövsiyələrini verib, sevilən şeirlərindən parçalar səsləndirib: “Məktəb illərində mütaliə ilə məşğul olmaq gələcəyiniz üçün bir mayak rolunu oynayır. Onun üçün həmişə oxumağa, özünüzü inkişaf etdirməyə çalışın”.
Görüşün davamında liseyin şagirdləri Zahid Xəlilin şeirlərini səsləndirib, onun yaradıcılığı ilə bağlı suallar ünvanlayıblar. Liseyin şagirdi Nuray Həmidova hazırladığı hədiyyəni yazıçıya təqdim edib.
“Libra kitab” nəşriyyat evinin ictimai əlaqələr üzrə məsul şəxsi Günel Kamal tərəfindən liseyin şagirdlərinə hədiyyələr təqdim olunub. Sonda görkəmli şair liseyin şagirdlərinə imzalı kitablarını hədiyyə edib.

