Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı qərargahında “Türk Dünyasında repressiyalar” adlı kitab təqdim olunub.
“Tehsil365” xəbər verir ki, Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş nəşr TÜRKSOY, Ankaradakı Əhməd Cavad İnstitutu və Ankaranın Hacı Bayram Vəli Universiteti tərəfindən birgə hazırlanıb.
Kitabda 2025-ci il fevralın 27-də Türkiyə paytaxtında keçirilən 1926-cı il Birinci Türkoloji Qurultayı ilə bağlı seminar iştirakçılarının elmi məqalələri və təqdimatları yer alıb.
Tədbirdə türk dövlətlərindən diplomatlar, alimlər, ekspertlər, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
TÜRKSOY-un Baş katibi Sultan Raev giriş nitqində Birinci Türkoloji Qurultayı “Türk dünyasının möhkəmlənməsi və birliyi yolunda əhəmiyyətli bir mərhələ” adlandırıb. O vurğulayıb: “Təəssüf ki, Bakıda keçirilən qurultayın bir çox iştirakçısı repressiyaya məruz qaldı, edam edildi və ya sürgünə göndərildi. Bu gün bizim vəzifəmiz tarixin dərslərini öyrənmək və Birinci Türkoloji Qurultay iştirakçılarının işini davam etdirməkdir. Türk xalqları üçün ortaq gələcək uğrunda mübarizə aparmaq və vicdanın səsinə çevrilmək vacibdir. Yalnız bu şəkildə repressiyaya məruz qalan türk ziyalılarının xatirəsini yaşada bilərik”.
TÜRKSOY-un Baş katibi Birinci Türkoloji Qurultay iştirakçılarının xatirəsini ehtiramla yad edib.
Türkiyə Milliyyətçi Hərəkat Partiyası liderinin baş müşaviri və Əhməd Cavad İnstitutunun direktoru professor Ruhi Ersoy türk xalqlarının bir-birinə daha da yaxınlaşmasının vacibliyini vurğulayıb və Türk dünyasının idealları naminə canlarından keçmiş görkəmli ziyalıların irsini xatırlamağa çağırıb.
O qeyd edib: “1926-cı il Türkoloji Qurultayı iştirakçılarının xatirəsinin qorunmasına və onların işinin davam etdirilməsinə verilən bu töhfədən səmimi-qəlbdən məmnunuq.
Türkiyə milli təhsil nazirinin müavini Nazif Yılmaz Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı elmi məqalələr və çıxışlar toplusunun hazırlanmasını çox əhəmiyyətli addım adlandırıb. O vurğulayıb: “Bu nəşrlər silsiləsi davam etdirilməlidir. Türk dövlətlərinin sakinləri, xüsusən də gənclər həyatlarını Türk dünyasına həsr etmiş görkəmli şəxsiyyətlərin irsini öyrənməyə borcludurlar. Bu gün türk məktəblərində “Ümumi türk tarixi” kimi könüllü kursların tədris olunması sevindirici haldır. Birinci Türkoloji Qurultay iştirakçılarının nəcib işi unudulmayacaq”.
Qazaxıstanın Türkiyədəki səfiri Yerkebulan Sapiyev çıxışında Birinci Türkoloji Qurultayın Türk dünyasının möhkəmlənməsinə verdiyi töhfədən danışıb. Diplomat bir əsr əvvəl Qazaxıstandan olan alimlərin Bakıda keçirilən Türkoloji Qurultayın iştirakçıları arasında olduğunu xatırladıb. O deyib: “Təəssüf ki, qurultay iştirakçıları “Qırmızı terror” ilə qarşılaşıblar, lakin onların iradəsini qırmaq mümkün olmadı”. Səfir, həmçinin Türk dünyasında dərinləşən dialoqdan məmnunluğunu ifadə edib.
Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Füzuli Məcidli repressiya dövrünü xalqların tarixində “qara səhifə” adlandırıb. “Bakıda keçirilən Birinci Türkoloji Qurultayın iştirakçıları türk xalqlarının ortaq kimliyinə xələl gətirmək məqsədi ilə repressiyaya məruz qalıblar. Onların işi unudulmayıb və davam edir”, - deyə o vurğulayıb.

