III Kitabxana və Texnologiya Festivalı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti əməkdaşlığı gücləndirmək məqsədilə bir sıra görüşlər keçirib.
MEK-dən “Tehsil365” ə bildirilib ki, İstanbul Universitetinin qonağı olan MEK nümayəndə heyəti prorektor professor Yahya Güldikən ilə görüşüb. O, qonaqlara universitetin tarixi, missiyası və nailiyyətləri barədə ətraflı məlumat verib. Həmçinin AMEA ilə İstanbul Universiteti arasında əməkdaşlıq imkanları və birgə beynəlxalq layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Daha sonra İstanbul Universitetinin Mərkəzi Kitabxanasının direktoru Sonay Tahmaz Kaleci ilə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə MEK-in direktoru Hüseyn Hüseynov kitabxananın 100 illik yubileyi münasibətilə nəşr olunmuş jurnalı və Azərbaycan xalçaçılıq sənətini əks etdirən xalça suvenirini türkiyəli həmkarına hədiyyə edib.
MEK-in Rəqəmsallaşdırma və innovasiyalar üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev, Süni intellekt və rəqəmsal kitabxana şöbəsinin baş mütəxəssisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanov və AMEA-nın Elmi İrs şöbəsinin baş mütəxəssisi Ramin Həsənov Kitabxananın Nadir Kitablar və Əlyazmaların Bərpası Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Görüşdə, həmçinin “Bilgi dünyası” jurnalının redaktoru Ali Kavak tərəfindən təmsil olunan elmi jurnal ilə əməkdaşlıq barədə razılıq əldə olunub.
Səfər müddətində “Hiperlink” şirkətinin direktoru Hayri Yavuz ilə də səmərəli razılaşmalar əldə edilib. AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə həm ənənəvi, həm də elektron resursların qarşılıqlı mübadiləsinin genişləndirilməsi, eləcə də süni intellekt əsaslı xidmətlərin təşkili kimi məsələlər müzakirə olunub. Qərara alınıb ki, cari il ərzində birgə beynəlxalq konfransın keçirilməsi istiqamətində də əməkdaşlıq həyata keçiriləcək.

