Ekspertin sözlərinə görə, bu xüsusilə pedaqoji, iqtisadi və texniki ixtisaslarda daha vacibdir. “Magistratura təhsili elmi araşdırma aparmaq, özünü elm sahəsinə həsr etmək istəyənlər üçün zəruridir. Bu pillə olmadan elmi fəaliyyətə başlamaq mümkün deyil.”
Təhsil eksperti Elçin Əfəndi “Tehsil365”ə açıqlamasında magistratura pilləsinin əhəmiyyətinə toxunaraq bildirib: “Əgər vətəndaş növbəti təhsil pilləsində elmi işini davam etdirmək, doktorantura təhsili almaq və elmi tədqiqatla məşğul olmaq istəyirsə, mütləq magistratura təhsili almalıdır. Çünki magistratura olmadan doktorantura istiqamətində təhsil almaq mümkün deyil.”
Elçin Əfəndi həmçinin qeyd edib ki, bəzi hallarda bakalavr pilləsində seçilən ixtisaslar məzunlara geniş karyera imkanları yaratmır. “Əgər hansısa sahə üzrə təhsil alan gənc bu ixtisasda üstünlük qazana bilmirsə, magistratura mərhələsində fərqli bir sahəyə keçid edə bilər. Xüsusilə MBA istiqamətində təhsil almaq bu baxımdan daha çox imkanlar açır.”
Ekspert vurğulayıb ki, magistratura yalnız akademik məqsədlər üçün deyil, həm də karyera yönümlü seçimlər üçün mühüm addımdır. “Bu pillə gənclərə həm elmi fəaliyyət, həm də peşəkar inkişaf üçün geniş imkanlar təqdim edir.”

