Prezident İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması, hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun davamlı inkişafına dair verdiyi tövsiyələrə uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) üzvlüyə qəbul prosesini ardıcıl, sistemli və məqsədyönlü şəkildə həyata keçirir. Bu çərçivədə ixtisas imtahanlarının təşkili tam şəffaflıq, obyektivlik və bərabərlik prinsipləri əsasında təmin olunur. Yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran 69 vəkilliyə namizədlər üçün aprelin 6-dan etibarən Ədliyyə Akademiyasında icbari təlimlərə start verilib.
Kollegiyanın mətbuat xidmətindən “Tehsil365"ə verilən məlumata görə, təlim proqramı gələcək vəkillərin peşə hazırlığının artırılmasına, praktiki bilik və bacarıqlarının möhkəmləndirilməsinə, həmçinin vəkil fəaliyyətinə dair etik və hüquqi tələblərin dərindən mənimsədilməsinə yönəlib və bu sahədə sistemli bilik bazasının formalaşdırılmasına xidmət edir.
Yeni təlim mərhələsinin açılışında çıxış edən VK Rəyasət Heyətinin sədri Anar Bağırov təlim proqramının yalnız nəzəri biliklərin artırılması ilə kifayətlənmədiyini deyib. Qeyd edib ki, bu, namizədlərin peşə hazırlığının daha da təkmilləşdirilməsinə, praktiki bacarıqlarının inkişaf etdirilməsinə və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə yönəlib. Bildirilib ki, təlimlərin məzmunu müasir hüquqi çağırışlar və dövrün tələbləri nəzərə alınmaqla formalaşdırılıb və bu proses gələcək vəkillərin ədalət mühakiməsində rolunun daha da gücləndirilməsinə xidmət edir.
Sədr təlimə başlayan 69 namizəd arasında gender balansı və yaş dinamikasının müsbət olduğunu nəzərə çatdıraraq deyib ki, iştirakçıların 22-si qadın, 47-si isə kişidir. Namizədlərin 48 nəfəri, yəni 71 faizi 40 yaşadək şəxslərdən ibarətdir ki, bu da vəkillik institutunun daha da gəncləşdiyini göstərir. Bildirilib ki, təlim iştirakçılarının 87 faizi paytaxtdan, 13 faizi isə regionlardan müraciət edən şəxslərdir.
Təlim çərçivəsində vəkillik institutunun inkişaf istiqamətləri və qarşıya qoyulan strateji hədəflər barədə də geniş məlumat verən sədr Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının əhəmiyyətini xüsusi vurğulayıb. Bildirilib ki, bu sənəd vəkillik fəaliyyətinin genişləndirilməsi, hüquqi yardımın əlçatanlığının artırılması və vəkil sayının əhəmiyyətli dərəcədə yüksəldilməsi baxımından mühüm dönüş nöqtəsi olub.
Həmçinin qeyd edilib ki, yeni qanuna əsasən bu icbari təlimdə əvvəllər hakim işləyən 6 namizəd də iştirak edir.
Açılış mərasimi Anar Bağırovun “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda geniş və əhatəli məruzəsi ilə davam edib, müzakirə aparılıb.

