Paytaxtda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar bəzi universitetlərdə dərs prosesinə təsir etdiyi, bəzi universitetlərdə dərslərin dayandırıldığı ilə bağlı xəbərlər yayılıb.
“Tehsil365” xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq Xəzər Universitetinin mətbuat xidmətindən bildirilib ki, universitetdə dərslər dayandırılmayıb, lakin onlayn formata keçirilib:
"Xəzər Universitetində dərslərin dayandırıldığı iddiaları doğru deyil. Dərslər dayandırılmayıb, sadəcə bugünlük online formata keçirilib".
Dövlət Mədəniyyət və İncəsənət Universitetindən də bildirilib ki, bu gün dərslərin formatında dəyişiklik edilib:
"Bakalavrlar ənənəvi qaydada dərsə gəliblər. Magistr tələbələri üçün isə bu gün dərslər onlayn formata keçirilib".
Bakı Dövlət Universitetindən isə bildirilib ki, tədris ənənəvi qaydada davam edir: " Tələbələrin davamiyyəti də qaydasındadır, heç bir problem yoxdur".
Azərbaycan Tibb Universitetindən də bildirilib ki, hazırda davamiyyət qaydasındadır, dərs prosesində axsama və ya dəyişiklik yoxdur, tədris ənənəvi qaydada davam edir.
UNEC-dən də tədrisin ənənəvi qaydada davam etdiyi, hansısa dəyişikliyin olmadığı bildirilib.

