"Süni intellekt (AI) sayəsində bəşəriyyət bəzi xəstəlikləri müalicə edə biləcək, lakin pisniyyətli insanların əlində bu texnologiya yeni patogenlərin yaradılması üçün vasitəyə çevrilə bilər".
“Tehsil365” xəbər verir ki, bu barədə ABŞ-nin "OpenAI" şirkətinin rəhbəri Sem Altman "Axios" portalına müsahibəsində danışıb.
Sahibkar bildirib ki, hazırda bioloji tədqiqatlar üçün istifadə edilən qabaqcıl modellər məhdud sayda "kifayət qədər məsuliyyətli" şirkətlərin əlindədir. O ehtimal edib ki, tezliklə bu cür modellər açıq şəkildə əlçatan olacaq.
"Modellər insanlara biologiya ilə çox yüksək səviyyədə məşğul olmağa kömək edə bilər və nəticədə bir sıra xəstəliklər müalicə olunacaq. Lakin bəziləri bu modellərdən pis məqsədlər üçün istifadə etməyə çalışacaqlar. Yaxın gələcəkdə modellərdən yeni patogenlərin yaradılması üçün istifadə edən terrorçu qruplaşmaların meydana çıxması artıq nəzəri xarakter daşımayacaq", - deyə o bildirib.
Onun fikrincə, hadisələrin bu cür inkişafı variantına yalnız konkret şirkətlər deyil, həm də bütövlükdə cəmiyyət hazır olmalıdır.

