Azərbaycanın ilk satirik jurnalı “Molla Nəsrəddin”in birinci nömrəsinin işıq üzü görməsinin 120 illiyi münasibətilə Milli Kitabxanada “Azərbaycan mətbuatının işıqlı səhifəsi: “Molla Nəsrəddin” jurnalı -120” adlı virtual və ““Molla Nəsrəddin” jurnalı – 120” adlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan “Tehsil365” ə bildirilib ki, sərgilərdə rəsmi sənədlər, jurnalın orijinal nömrələri, kitab şəklində nəşr olunmuş çoxcildliyi yer alıb. Həmçinin sərgidə Cəlil Məmmədquluzadə və bu jurnal ətrafında formalaşan mollanəsrəddinçilərin – Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar kimi dövrün tanınmış ziyalılarının göstərdikləri xidmətlər və s. mövzularda Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, elmi tədqiqat işləri, həmçinin Milli Kitabxananın mollanəsrəddinçilər ədəbi məktəbinin nümayəndələri haqqında nəşr etdiyi biblioqrafiyalar və dövri mətbuat materialları nümayiş olunur.

