Bakı Dövlət Universiteti (BDU) Qazaxıstanın Almatı şəhərində keçirilən “Study in Azerbaijan” sərgisində geniş formatda təmsil olunur.
Bu barədə “Tehsil365” ə BDU-dan məlumat verilib.
Universitet sərgidə xüsusi stendlə iştirak edərək öz təhsil proqramlarını, elmi fəaliyyət istiqamətlərini və beynəlxalq əməkdaşlıq imkanlarını ziyarətçilərə təqdim edir.
BDU nümayəndə heyəti sərgi iştirakçılarına bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ixtisaslar, qəbul qaydaları, təhsil haqları və mövcud təqaüd proqramları haqqında ətraflı məlumat verir. Bununla yanaşı, universitetdə mövcud olan müasir tədris infrastrukturu, laboratoriyalar, tədqiqat imkanları və tələbə həyatı ilə bağlı məlumatlar təqdim olunur.
Xüsusilə xarici tələbələr üçün yaradılmış şərait – beynəlxalq proqramlar, mübadilə imkanları, ingilisdilli ixtisaslar və akademik dəstək mexanizmləri ziyarətçilərin diqqətinə çatdırılır. BDU nümayəndələri hər bir müraciət edən şəxslə fərdi qaydada ünsiyyət quraraq onların maraq və seçimlərinə uyğun istiqamətlər üzrə izahatlar verir.
Sərgidə universitetin stendinə böyük maraq müşahidə olunur. Abituriyentlər və digər iştirakçılar BDU-da təhsil imkanları ilə bağlı suallar ünvanlayır, qəbul prosedurları və karyera perspektivləri barədə məlumat alırlar. Nümayəndə heyəti tərəfindən əlaqələrin davam etdirilməsi üçün müvafiq məlumat mübadiləsi aparılır.

