Azərbaycan Respublikası və Bakı şəhərinin gələcək inkişaf dinamikasında landşaft-ekoloji karkasın formalaşdırılması, yaşıl və hibrid dəhlizlərin inkişafı ekosistemin ekoloji dayanıqlığının təmin edilməsində böyük rol oynayır. Landşaft-ekoloji karkas müasir şəhərsalma və şəhərin landşaft memarlığı dizaynının təşkili və idarə olunmasında vacib elementlərdən biridir.
Bu barədə “Tehsil365"ə açıqlamasında coğrafiya elmləri doktoru dosent Mirnuh İsmayılov deyib. Alim ekoloji karkasın məkan strukturu, ekosistem xidmətlərindəki rolu və onun əsas struktur elementləri haqqında elmi əsaslandırmaları şərh edib. Qeyd edib ki, bu sistem şəhər ərazilərində təbii tarazlığın qorunmasına, yaşıllıq sahələrinin səmərəli idarə olunmasına və ekoloji risklərin minimuma endirilməsinə xidmət edir.
Alim, eyni zamanda, əhalinin sayının artması, tikinti sıxlığının yüksəlməsi və bununla bağlı yaranan ekoloji problemləri xüsusi vurğulayıb. Qeyd edib ki, dayanıqlı inkişaf prinsipləri əsasında şəhər məkanının səmərəli təşkili, biomüxtəlifliyin qorunması və ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində elmi yanaşmalar təqdim olunub.

