Aprelin 7-də Milli Məclisdə TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının 13-cü iclası çərçivəsində “Birgə iqtisadi fəaliyyətin həyata keçirilməsi üçün perspektivli sənayelər: aktorlar və amillərin birləşdirilməsi yolları” mövzusunda seminar keçirilib.
“Tehsil365" xəbər verir ki, seminarda TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının sədri, Qazaxıstan Parlamenti Məclisinin üzvü Anas Bakkojayev, İqtisadi əməkdaşlıq komissiyasının sədr müavini, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Bekmurza Ergeşov, İqtisadi əməkdaşlıq komissiyasının üzvü, Türkiyə Böyük Millət Məclisinin deputatı Mahmut Rıdvan Nazırlı, TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşaviri Gülixar Yavaş çıxış ediblər.
Çıxışlarda TÜRKPA-ya üzv ölkələr arasında birgə iqtisadi fəaliyyətin reallıqları və perspektivləri, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi ilə bağlı fikirlər səsləndirilib. Türk dövlətlərinin iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, iqtisadi təhlükəsizliyin təmin edilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, birgə səmərəli əməkdaşlıq və inteqrasiya, iqtisadi, ticarət, təhlükəsizlik sahələrində qarşılıqlı faydalı əlaqələr iqtisadi artımın sürətləndirilməsinə geniş imkanlar yaradır, ölkələrin hərtərəfli tərəqqisinə xidmət edir.
Fikir mübadiləsi zamanı Türk dünyasında iqtisadiyyatın müxtəlif sektorlarında birgə layihələrin icrası imkanları, aktorların və amillərinin səmərəli əlaqələndirilməsi yollarının müəyyənləşdirilməsi, dayanıqlı inkişafın təşviqi, ticarət və investisiya əlaqələrinin intensivləşdirilməsindən söhbət açılıb.
Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin komitə sədri, TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının üzvü Fazil Mustafa seminarın mövzusunun həm iqtisadi, həm də geosiyasi məzmun daşıdığını söyləyib. O, müasir dünyada iqtisadi işbirliyini suverenlik, təhlükəsizlik və təsir imkanları ilə bağlı strateji alət kimi dəyərləndirib. Dünyada cərəyan edən mürəkkəb proseslər fonunda türk dövlətlərinin koordinasiyalı və məqsədyönlü şəkildə hərəkət etməsinin zəruriliyindən danışıb. Ölkələr arasında enerji, nəqliyyat, logistika dəhlizləri, aqrar sənaye kompleksi və rəqəmsal iqtisadiyyat kimi strateji istiqamətlərdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
Seminarda Azərbaycan İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin sektor müdiri Zaur Məmmədov çıxış edərək türk dövlətləri arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini, ölkəmizin bu əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini vurğulayıb. O, türk dövlətləri arasında sənayenin inkişafı və xüsusi iqtisadi zonaların yaradılması, enerji və nəqliyyat sektoru, o cümlədən tranzit imkanlarının genişləndirilməsi, rəqəmsal iqtisadiyyat və innovasiyalar, həmçinin rəqəmsal ticarət platformaların qurulması, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahələrində əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib.
Daha sonra Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (İOFS) Katibliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru İsrail Tilegen “İslam Əməkdaşlıq Təşkilatı və TÜRKPA ölkələri arasında ət ticarəti strategiyası” mövzusunda təqdimatla çıxış edib. O, TÜRKPA ölkələrinin ət ticarəti sahəsində bir-birini tamamlayan imkanlara malik olduğunu və bu əməkdaşlığın rəqabətədavamlı regional dəyər zəncirinin formalaşmasına şərait yaratdığını vurğulayıb. Qeyd olunub ki, bu ölkələrdə halal sertifikatlı istehsal gücünün artması onların İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində mövcud tələbatın ödənilməsində mühüm üstünlük əldə etməsinə imkan yaradır.
Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb.

