Onun sözlərinə görə, psixologiyada vərdişlər adətən təkrar olunan davranış dövrü – tətikləyici, davranış və nəticə zənciri üzərində formalaşır. “Bu zəncir anlaşıldıqda, vərdişi dəyişmək də daha mümkün olur. İlk addım həmin vərdişin hansı vəziyyətlərdə və emosional hallarda ortaya çıxdığını müəyyən etməkdir. Daha sonra həmin davranışı tədricən alternativ, daha sağlam davranışlarla əvəz etmək üzərində işlənir.”
Psixoloq Mətanət Əliyeva “Tehsil365”ə açıqlamasında bildirib: “Pis vərdişlərin psixoloji üsullarla dayandırılması mümkündür və bu istiqamətdə müxtəlif elmi əsaslı yanaşmalar mövcuddur.”
Əliyeva vurğulayıb ki, koqnitiv-bihevioral terapiya bu sahədə ən effektiv yanaşmalardan biridir. “Bu metod vasitəsilə insanın düşüncə tərzi və davranış reaksiyaları üzərində işlənir, avtomatik və zərərli vərdişlər daha şüurlu seçimlərlə əvəz olunur. Özünə nəzarət bacarıqlarının inkişafı, motivasiya ilə işləmək və davranışın nəticələrini dərk etmək mühüm rol oynayır.”
Psixoloq əlavə edib ki, bəzi hallarda vərdişlər emosional boşluqlar, stress və ya narahatlıqla əlaqəli olur. “Sadəcə davranışı dayandırmaq deyil, onun arxasında duran ehtiyacı anlamaq daha davamlı nəticə verir. Əgər vərdişin kökündə psixoloji səbəblər dayanırsa, həmin səbəblərlə işləmək vacibdir.”
Nəticə olaraq, Mətanət Əliyeva qeyd edib: “Pis vərdişlərin dəyişdirilməsi mümkündür, lakin bu proses vaxt, davamlılıq və şüurlu yanaşma tələb edir. Lazım gəldikdə psixoloq dəstəyi ilə bu proses daha effektiv və dayanıqlı şəkildə həyata keçirilə bilər.”

