Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tədbirlər çərçivəsində “Fizika bu gün” mövzusunda elmi seminar keçirilib.
BDU-dan “Tehsil365"ə bildirilib ki, seminar zamanı fakültənin II kurs tələbələri Ülkər Mirzəyeva və Qəmər Neymətova “Memarlığın fizikası: bərpa və dayanıqlılıq” mövzusunda məruzə ilə çıxış ediblər.
Tələbələr Azərbaycan memarlığının tarixi inkişaf mərhələlərinə nəzər salaraq, Ümummilli Lider Heydər Əliyevin şəhərsalma və memarlıq siyasətində oynadığı rolu xüsusi vurğulayıblar. Qeyd edilib ki, paytaxt Bakıda bir sıra mühüm memarlıq layihələri məhz onun rəhbərliyi dövründə reallaşdırılıb və hazırda bu strateji istiqamət Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə sistemli şəkildə davam etdirilir.
Çıxışlarda şəhərsalma və memarlıq sahəsində fizika qanunlarının tətbiqinin fundamental əhəmiyyəti geniş şəkildə təhlil olunub. Vurğulanıb ki, mexanika qanunları tikililərin konstruktiv dayanıqlılığını və xarici təsirlərə davamlılığını təmin edir, termodinamika prinsipləri isə enerji səmərəliliyinin yüksəldilməsində və istilik itkilərinin minimuma endirilməsində mühüm rol oynayır. Aerodinamika şəhər mühitində külək axınlarının optimallaşdırılmasına, akustika isə səs-küyün idarə olunmasına imkan verir. Elektromaqnetizm və hərəkət dinamikası enerji paylanması və nəqliyyat sistemlərinin səmərəli təşkili baxımından əhəmiyyətli hesab olunur. Eyni zamanda, optika qanunları, xüsusilə tərsinə kvadrat qanunu məkanların rasional işıqlandırılmasının təmin edilməsində əsas rol oynayır, səthlərin fiziki xüsusiyyətləri isə işığın paylanmasına və vizual mühitin formalaşmasına birbaşa təsir göstərir.
Bununla yanaşı, nanotexnologiyanın müasir şəhərsalmada tətbiq imkanları da diqqətə çatdırılıb. Qeyd olunub ki, özünü bərpa edən materiallar tikililərin istismar müddətini artırır, fotokatalitik örtüklər isə Günəş enerjisinin təsiri ilə çirkləndiriciləri parçalayaraq həm səthlərin təmizliyini qoruyur, həm də ekoloji mühitin yaxşılaşdırılmasına xidmət edir. Ümumilikdə, fizika və nanotexnologiyanın inteqrasiyası şəhərsalmanın funksional və ekoloji dayanıqlılığının təmin edilməsində mühüm amil kimi dəyərləndirilib.
Sonda təqdimat çərçivəsində Beynəlxalq Muğam Mərkəzi və Heydər Əliyev Mərkəzi kimi müasir memarlıq nümunələri üzərində aparılan yanaşmalar praktiki baxımdan nümayiş etdirilib.

