Azərbaycan elmi və mədəni fikrində elə əsərlər var ki, onlar yalnız kitab deyil, bütöv bir dövrün başlanğıcıdır. Filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovanın müəllifi olduğu 3 cildlik “Nəsiminin anadilli əsərlərinin izahlı-ensiklopedik lüğəti” məhz bu qəbildəndir. Bu əsər yalnız lüğət deyil – Nəsimi dünyasının dil, fikir və irfan atlasıdır.
Bu fikirləri “Tehsil365"ə filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli söyləyib. O qeyd edib ki, bu fundamental tədqiqat Nəsimi irsini söz səviyyəsində yenidən oxumağa imkan yaradır. Lüğətdə 5113 sözün izahı verilib, onların zahiri və batini mənaları ardıcıl şəkildə açıqlanıb. Bu isə oxucuya Nəsimini yalnız şair kimi deyil, söz vasitəsilə kainatı idrak və təfsir edən mütəfəkkir kimi dərk etməyə imkan verir.
“Lareybə illa vəchəhu” – “Ondan başqa hər şey məhv olacaq” ifadəsi “Qurani-Kərim”in Qasas surəsindən götürülüb. Nəsimi bu ayəni poeziyasında işlədərək belə deyir: “Külli-şey’un halikə lareybə illa vəchəhu”. Burada ayə artıq sitat fəlsəfi ideyanın mərkəzinə çevrilir. “Leysə kəmislihi şey’” – “Onun bənzəri yoxdur” ifadəsi də həm Qurani mənada, həm də poetik transformasiyada təqdim olunur. Bu isə lüğətin yalnız dilçilik deyil, həmçinin təfsir xarakteri daşıdığını göstərir.
Hədislər də lüğətdə xüsusi yer tutur. Həzrət Əli ilə bağlı işlənən “Ləhmikə ləhmi, qanə qanım” ifadəsi ilahi və insani vəhdətin poetik ifadəsinə çevrilir. “Layənam” ifadəsi isə Allahın daim oyaq və hər şeyi bilən varlıq olduğunu göstərir”, - deyə professor bildirib.
Lüğətdəki frazeoloji ifadələrin də diqqət çəkdiyini deyən alim deyib: “Leysə fiddar ğeyrahu dəyyar” – “Evdə Ondan başqa heç kim yoxdur” ifadəsi kainatın vahid sahibinin Allah olduğunu bildirir və Nəsimi fəlsəfəsinin əsasını təşkil edir. Lüğətdə sözlərin həm zahiri, həm də batini qatları açılır. “Nar” artıq sadəcə od deyil, ilahi eşqdir. “Ləb” sadəcə dodaq deyil, ilahi kəlamın mənbəyidir. Bu isə göstərir ki, Nəsimi poeziyasında söz həqiqətin özüdür”.
İ.Məmmədli əlavə edib ki, bu əsər həm də Azərbaycan dil tarixinin zənginliyini ortaya qoyur. Orta əsr Azərbaycan türkcəsinin leksik sistemi, terminologiyası və poetik imkanları burada geniş şəkildə əks olunub: “Nəticə etibarilə bu lüğət sözün, mənanın və ilahi həqiqətin qovuşduğu elmi abidəsi kimi qarşımızda durur. Bu əsər Nəsimini anlamaq üçün açardır və Azərbaycan lüğətçiliyində yeni mərhələnin başlanğıcıdır”.

