Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 6-da Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən “Study in Azerbaijan” təhsil sərgisinin açılış mərasimində iştirak edib.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən “Tehsil365"ə bildirilib ki, Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev açılış mərasimində çıxış edərək iki ölkə arasında ortaq mədəni bağların və təhsil əməkdaşlığının əhəmiyyətini vurğulayıblar.
Farabi Hub KazNU Mərkəzində keçirilən sərgidə Azərbaycanın 25-ə yaxın aparıcı universiteti, o cümlədən Naxçıvan Dövlət Universiteti təmsil olunur. Burada abituriyentlər və tələbələr Azərbaycandakı ali təhsil proqramları, qrantlar, akademik mobillik, ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı məlumat əldə edə bilərlər.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin muğam və rəqs qrupları çıxış ediblər. Keçirilən lotereya oyununda 3 qazaxıstanlı şagird Naxçıvan Dövlət Universitetində təqaüdlə təhsil almaq imkanı qazanıb
Sonra elm və təhsil naziri Emin Əmrullayev stendlərlə tanış olub.
Naxçıvan Dövlət Universitetinin stendində təhsil proqramları, əcnəbi tələbələr üçün təhsil imkanları və NDU ilə bağlı iştirakçıları maraqlandıran bir sıra məsələlər barədə məlumat verilib. Bununla yanaşı, səfər çərçivəsində ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm görüşlər keçirilib.
Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu baş tutub. Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Qazaxıstanın Ualikhanov Universiteti, Cənubi Qazaxıstan Tibb Akademiyası, Almatı Menecment Universiteti, Yessenov Universiteti, Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti və Qazaxıstan Tibb Universiteti (KSPH) arasında əməkdaşlıq memorandumları imzalanıb. İmzalanan sənədlər akademik mübadilə, ikili diplom proqramları və birgə elmi fəaliyyət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur, tərəflər arasında təcrübə mübadiləsinin gücləndirilməsi və elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi üçün zəmin yaradır.

