11 saylı xüsusi ümumtəhsil məktəbinin loqoped müəllimi Esmira Kazımova bir neçə beynəlxalq elmi platformada çıxış edərək ölkəmizi nüfuzlu akademik mühitdə təmsil edib.
“Tehsil365" xəbər verir ki, o, ABŞ-də fəaliyyət göstərən SOQM (System of Quality Management) təşkilatının Florida Universiteti ilə əməkdaşlığı çərçivəsində keçirilən 9-cu "Interdisciplinary Research Symposium"da elmi rəyçi kimi çıxış edib.
Bu çərçivədə müxtəlif elmi-tədqiqatların qiymətləndirilməsində iştirak edən mütəxəssis beynəlxalq akademik dairələrin etimadını qazanıb. Eyni zamanda, “Disleksiya riski olan uşaqlarda erkən nitq müdaxiləsinin əhəmiyyəti: keyfiyyət əsaslı praktik yanaşma” mövzusunda tezisi qəbul olunub və onun 24 aprel tarixində çıxışı gözlənilir.
Esmira Kazımovanın “Azərbaycanda xüsusi ehtiyaclı uşaqların ailələri tərəfindən özəl reabilitasiya xidmətlərindən istifadə təcrübəsinin təhlili” adlı məqaləsi isə Moskva şəhərində keçirilən VI Ümumrusiya elmi-praktik konfransın materiallar toplusuna daxil edilib.
Bundan başqa, o, Omsk Dövlət Pedaqoji Universitetində təşkil olunan “Uşaqlıq – dünyanı kəşf” adlı XVI Ümumrusiya elmi-praktik konfransında çıxış edərək “Nitq İnkişaf” mərkəzində tətbiq olunan innovativ metodların effektivliyini beynəlxalq auditoriyaya təqdim edib. Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb, məqalənin isə 30 aprel 2026-cı ildə çap olunacağı bildirilib.
Eyni zamanda, Esmira Kazımova Rusiya Federasiyasının Təhsil Nazirliyi və A.İ. Herzen adına Rusiya Dövlət Pedaqoji Universitetinin birgə təşkil etdiyi “Herzen oxuları – 2026” konfransında da iştirak edib. Burada o, nitq pozuntuları olan şəxslərdə psixosomatik amillərin kommunikativ davranışa təsirini araşdıran məruzə ilə çıxış edib.
Loqoped mütəxəssis son olaraq Luqansk Dövlət Pedaqoji Universitetinin bazasında keçirilən beynəlxalq konfransda “Nitq inkişafının ləngiməsi zamanı ailələrin korreksiya yardımına gec müraciət etmə səbəbləri” mövzusunda təqdimatla çıxış edib.
Qeyd edək ki, Esmira Kazımovanın ardıcıl beynəlxalq uğurları loqopediya və xüsusi təhsil sahəsində Azərbaycanın elmi potensialının tanıdılmasına mühüm töhfə verir.

