Ekspertin sözlərinə görə, sovet dövründə peşə məktəblərinə baxış fərqli idi, müstəqilliyin ilk illərində isə maddi-texniki bazanın zəifləməsi bu sahədə boşluqlar yaratmışdı. “Son illərdə isə istər Elm və Ali Təhsil Nazirliyinin tabeliyində, istərsə də müxtəlif nazirliklərin və agentliklərin tabeliyində yeni məzmunlu peşə məktəbləri yaradılır. Cənab Prezidentin ötən il imzaladığı sərəncamla müasir tipli 20-dən çox peşə məktəbinin yaradılması qərara alınıb. Bu məktəblər müasir texniki və texnoloji avadanlıqlarla təchiz olunur və iqtisadiyyata lazım olan peşə və bacarıqlar öyrədilir.”
Təhsil eksperti Elçin Süleymanov “Tehsil365”ə açıqlamasında bildirib: “Ümumiyyətlə təhsilin məqsədi məzun olduqdan sonra əmək fəaliyyəti ilə məşğul olmaqdır və burada müəyyən peşələr var ki, həmin sahələrin məzunları ali məktəbi bitirən kimi yüksək əməkhaqlı iş tapa bilirlər. Bunlara xüsusilə neft-qaz sənayesi, alternativ və bərpa olunan enerji sahəsi, tibb ixtisasları və digər bu kimi sahələr daxildir.”
Elçin Süleymanov qeyd edib ki, Azərbaycanın turizm və aqrar ölkə olması da peşə təhsilinə olan tələbatı artırır. “Neft-qaz fəaliyyəti ilə yanaşı qeyri-neft sektorunun inkişafında da yalnız ali təhsil deyil, orta və peşə təhsilli ixtisaslı kadrlara ehtiyac var. İstehsal prosesi, kənd təsərrüfatı və aqrar sahələr müəyyən peşə və bacarıqları zəruri edir. Ali təhsil əlbəttə ki, elitar təhsildir, amma məzun olub iş tapmaqda çətinlik yaranacaqsa, peşə təhsili daha operativdir, daha qısa müddətlidir və daha az resursla əmək bazarına çıxış imkanı verir.”
Ekspert əlavə edib ki, peşə seçərkən aktual sahələrə üstünlük verilməlidir. “Texnologiya inkişaf etdikcə bəzi peşə və bacarıqları süni intellekt əvəzləyəcək. Ona görə də gələcək illərdə kənd təsərrüfatı, alternativ enerji, elektrikli avtomobillərlə bağlı mexanika və çilingər peşələri, tibbi avadanlıqların istifadəsi ilə bağlı laborator və analiz sahələri, usta xidmət sektoru və aqrar peşələr öz aktuallığını qoruyub saxlayacaq.”

