Azərbaycanın mövcud 11 illik təhsil sistemi artıq müasir dövrün tələblərinə tam cavab vermir və bu baxımdan 12 illik təhsil sisteminə keçid zəruri hesab olunmalıdır. Hesab edirəm ki, 11 illik model daha çox Sovet dövründən miras qalmış və bu gün əsasən MDB məkanında tətbiq olunan bir yanaşmadır. Halbuki dünyanın inkişaf etmiş ölkələrində – Avropa dövlətlərində, ABŞ-da, Kanadada, Çində, Yaponiyada, Sinqapurda, eləcə də qardaş Türkiyədə 12 illik təhsil sistemi artıq standart halını alıb.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.
Fərq xüsusilə gənclərimizin xaricdə təhsil almaq istəyində özünü göstərir. Məsələn, Almaniya kimi ölkələrə müraciət edən azərbaycanlı abituriyentlər 11 illik təhsil aldıqları üçün müəyyən çətinliklərlə üzləşirlər. Çünki həmin ölkələr 12 illik orta təhsil bazasını tələb edir. Nəticədə gənclərimiz əlavə vaxt və resurs itirmək məcburiyyətində qalırlar.
Əgər Azərbaycan 12 illik təhsil sisteminə keçərsə, bu, həm beynəlxalq təhsil standartlarına uyğunlaşmanı asanlaşdıracaq, həm də milli təhsilimizin keyfiyyətini artıracaq. Bu model çərçivəsində təhsilin üç mərhələyə bölünməsi daha məqsədəuyğun olar:
1–4-cü siniflər – ibtidai təhsil
5–9-cu siniflər – orta icbari təhsil
10–12-ci siniflər – ali təhsilə hazırlıq mərhələsi
Xüsusilə son mərhələdə – 10, 11 və 12-ci siniflərdə tədris proqramı universitetə hazırlıq istiqamətində qurulmalıdır. Hazırda isə reallıq ondan ibarətdir ki, yuxarı sinif şagirdləri məktəbdən uzaqlaşmağa çalışır, dərslərdə iştirak etmirlər. Bunun əsas səbəbi məktəbin onları ali təhsilə yetərincə hazırlamamasıdır. Nəticədə şagirdlər repetitorlara üstünlük verir və məktəbdən faktiki olaraq uzaqlaşırlar.
Əgər orta məktəbin özündə keyfiyyətli və məqsədyönlü hazırlıq təmin olunsa, şagirdlər dərsdən yayınmaz, əksinə, məktəbə maraq və davamiyyət əhəmiyyətli dərəcədə artar. Bu isə ümumi təhsil sistemində ciddi müsbət dönüş yarada bilər.

