BSU-da Türkoloji tədqiqatların gələcəyi müzakirə olundu.Bakı Slavyan Universitetində keçirilən beynəlxalq türkoloji tədqiqatlar konfransı bu gün işini yekunlaşdırıb.
“Tehsil365” xəbər verir ki, I Türkoloji Qurultayın keçirilməsinin 100 illiyinə həsr edilən konfransda Azərbaycan ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın nümayəndələri ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və başqa türk dövlətlərinin universitet rəhbərləri, alimlər iştirak ediblər. Konfransın əsas məqsədi türkoloji tədqiqatların gələcək inkişaf istiqamətlərini müəyyən etmək və bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
Konfrans çərçivəsində son 100 ildə bu sahədə baş verən proseslər araşdırılır və əldə olunan nəticələr müzakirə edilir
Konfransda açılış nitqi ilə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirib ki, beynəlxalq türkoloji tədqiqatlar konfransı müasir dünyada türk dünyasında baş verən prosesləri dilçilik, ədəbiyyatla yanaşı, beynəlxalq münasibətlər, siyasi elmlər aspektindən araşdırılmasını hədəfləyib. Onun sözlərinə görə, dünəndən öz işinə başlayan konfransda beynəlxalq tədqiqatçıların iştirakı ilə 8 bölmədə müzakirələr aparılıb: “I Türkoloji Qurultaydan 100 il keçməsinə baxmayaraq, Bakı bu gün də türkoloji məsələlərin müzakirə olunduğu əsas platformalardan biri olaraq qalır. Bu, Bakının elmi mühitdəki əhəmiyyətini bir daha təsdiqləyir”.
Rektor bildirib ki, müasir dövrdə əsas məqsəd türkoloji tədqiqatları yalnız dil çərçivəsində deyil, həm də mədəniyyət və ədəbiyyat kontekstində daha geniş şəkildə inkişaf etdirməkdir: “Bu konfrans çərçivəsində son 100 ildə bu sahədə baş verən proseslər araşdırılır və əldə olunan nəticələr müzakirə edilir. Bu yanaşma, eyni zamanda, ali təhsil müəssisələrinin Türkoloji Qurultay qarşısında duran prioritetlərini müəyyənləşdirməyə imkan yaradır”.
“XXI əsrdə türk xalqlarının yeni müstəvidə birliyi, həmrəyliyi və inteqrasiyası istiqamətində atılan addımlarda Türkoloji Qurultayla bağlı keçirilən tədbirlər mühüm rol oynayır”
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli bildirib ki, I Türkoloji Qurultayın keçirildiyi 1926-cı ilə qədər dünyada bu miqyasda türkoloji tədbir baş tutmamışdı: “Qurultayın əsas əhəmiyyəti ondadır ki, o, türk xalqlarının birliyini və həmrəyliyini ortaya qoyan, eyni zamanda, onların gələcək vəzifələrini müəyyənləşdirən ilk mötəbər elmi platforma kimi dünya elm tarixinə daxil olub.
Qurultayın digər mühüm cəhəti türk dünyasının coğrafi sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlıdır. Qurultayda iştirak edən 131 nümayəndə, demək olar ki, Avrasiyanı əhatə edən geniş bir coğrafiyanın təmsilçiləri kimi çıxış ediblər”.
O bildirib ki, I Türkoloji Qurultayın ən böyük nailiyyətlərindən biri türk xalqlarını birləşdirən vahid latın əlifbasının qəbul edilməsi olub: “Bununla yanaşı, qurultay türk xalqları arasında elmi, mədəni və ictimai-siyasi birliyin formalaşmasına mühüm töhfələr verib. Bu gün - XXI əsrdə türk xalqlarının yeni müstəvidə birliyi, həmrəyliyi və inteqrasiyası istiqamətində atılan addımlarda Türkoloji Qurultayla bağlı keçirilən tədbirlər mühüm rol oynayır. Türk xalqlarının müasir dövrdəki birliyi və inteqrasiyası Ümummilli Lider Heydər Əliyevin “bir millət, iki dövlət” strategiyası ilə yeni mərhələyə qədəm qoyub. Hazırda Azərbaycan və Türkiyə arasındakı strateji birlik Türk dünyasının daha genişmiqyaslı inteqrasiyası üçün nümunəvi modelə çevrilib”.
Akademik qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və qətiyyətli siyasət nəticəsində bu əməkdaşlıq daha da genişlənərək yeni mərhələyə yüksəlib: “Bu birliyin qorunması və inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Birinci Türkoloji Qurultayla bağlı keçirilən tədbirlər isə bu inteqrasiya proseslərinə mühüm töhfə verməkdə davam edir”.
I Türkoloji Qurultay türk dünyasının ortaq elmi və mədəniyyəti tarixində zirvə nöqtəsidir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultay türk dünyasının ortaq elmi və mədəniyyəti tarixində zirvə nöqtəsidir. Həmin dövrə qədər türkoloqları bu miqyasda bir araya gətirən hadisə olmayıb: “100 il əvvəl Bakıda atılan cəsarətli addımlar bu gün türk dünyasının birliyinin elmi pasportu kimi dəyərləndirilə bilər. Bu irsə sahib çıxmaq isə hər birimizin mənəvi borcudur. Azərbaycan Milli Elmlər Akademiyasında və digər elmi müəssisələrdə, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetində bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Universitetdə yaradılmış Türkologiya mərkəzində bu elmin tarixi və əsas istiqamətləri üzrə tədqiqatlar aparılır”.
I Türkoloji qurultayın keçirilməsinin 100 illiyinə həsr edilən tədbirlər türk dövlətləri arasında dostluq əlaqələrinin genişləndirilməsinə töhfə verəcək
Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü Mahirə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, deputat Jalə Əliyeva, Namanqan Dövlət Universitetinin nümayəndəsi Abduqaffar Qırğızbayev, Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu, yazıçı-jurnalist Aysel Sadak İltaş çıxış ediblər. Konfransda böyük türk qurultayları barədə tarixi qərarlara toxunulub, türk dövlətləri arasında dostluq əlaqələrindən danşılıb. Bu prosesdə ziyalıların vəzifələri, üzərinə düşən iş xatırladılıb.

