Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin və Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə “Müasir şəhərlərdə əhalinin kəskin artması: problemlər, perspektivlər, vəzifələr” mövzusunda elmi seminar keçirilib.
“Tehsil365” xəbər verir ki, memarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, seminar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar imzalanmış sərəncamdan irəli gələn vəzifələr çərçivəsində həyata keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Kamal Abdulla qeyd edib ki, ölkə başçısının təşəbbüsü ilə cari ilin şəhərsalma və memarlıq sahəsinə həsr olunması bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətini daha da artırır. Rektor bildirib ki, bu baxımdan Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, Əməkdar memar, professor Elbay Qasımzadənin universitetdə çıxışı mühüm əhəmiyyət daşıyır. O, qonağın iştirakını yüksək qiymətləndirərək, təqdim etdiyi elmi jurnallara görə təşəkkürünü bildirib.
Seminarda spiker qismində çıxış edən professor Elbay Qasımzadə müasir şəhərlərdə əhali sıxlığının artması ilə bağlı aktual problemlərə toxunub. Qeyd olunub ki, urbanizasiya prosesinin sürətlənməsi nəticəsində bir çox şəhərlərdə yaşayış şəraiti, mənzil sahələrinin kiçik olması və təmiz su təminatı kimi məsələlər ön plana çıxır. Əhali artımı, eyni zamanda, sosial və iqtisadi rəqabətin güclənməsinə səbəb olur.
Seminar çərçivəsində “Tarixi şəhərlərin memarlıq-planlaşdırma məsələləri”, “Şəhər əhalisinin artması ilə bağlı problemlər”, “Yeni şəhər mühitinin formalaşdırılması” mövzuları müzakirə olunub. Bildirilib ki, şəhər inkişafının düzgün idarə olunması, urbanizasiya prosesinin səmərəli istiqamətləndirilməsi və insanların müasir şəhər mühitinə uyğunlaşması bu günün əsas vəzifələrindəndir.

