Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru, professor Əmir Əliyevin “Xəzərin səviyyəsinin tərəddüdlərinin sahil zonasında məskunlaşmaya və yaşayış məntəqələrinə təsiri” mövzusunda ustad dərsi keçirilib.
“Tehsil365” xəbər verir ki, ustad dərsi “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub.
Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyev müasir dövrdə Xəzər dənizinin səviyyəsində baş verən çoxillik tərəddüdlərin yaratdığı sosial-iqtisadi problemlərə diqqət çəkərək, bu istiqamətdə fundamental tədqiqatların aparılmasının əhəmiyyətini vurğulayıb.
Professor Əmir Əliyev Xəzər dənizinin müasir coğrafi şəraiti, su balansı elementləri, dənizin səviyyə tərəddüdlərinin müxtəlif çoxillik trendlər üzrə tədqiqinin nəticələri barədə geniş məlumat verib. Dəniz ekosisteminin funksiyasına, eləcə də səviyyə tərəddüdlərinin dinamikasına təsir edən tektonik, iqlim və antropogen amillərin qarşılıqlı əlaqəsini izah edib. Dənizin dib geomorfologiyasında baş verən tektonik hərəkətliliyin səviyyə tərəddüdlərinə təsir göstərdiyini vurğulayıb. Məruzə zamanı dənizdə baş verən səviyyə tərəddüdlərinin sahil zonasında məskunlaşmaya və yaşayış məntəqələrinin inkişafına təsiri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Ustad dərsində professor Məqsəd Qocamanov, dosentlər İradə Əliyeva, Ələkbər Həsənəliyev, coğrafiya üzrə fəlsəfə doktoru Şəfiqə Hümbətova tədqiqat mövzusunun aktual, metodik yanaşmanın isə innovativ olduğunu vurğulayıb, bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsini tövsiyə ediblər.

