Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Magistrantlar və Gənc Tədqiqatçıların Respublika elmi konfransı keçirilib.
“Tehsil365” in bölgə müxbiri xəbər verir ki, konfransda əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib.
Daha sonra konfransın məqsədi barədə iştirakçılara məlumat verilib. Bildirilib ki, müasir ali təhsil sistemində magistrantların və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması, onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və akademik mühitə inteqrasiyası prioritet istiqamətlərdən biridir. Qeyd olunub ki, konfransın əsas məqsədi gənc tədqiqatçılar üçün elmi nəticələrin təqdimatı və müzakirəsi üçün açıq platforma yaratmaq, onların elmi yazı və təqdimat bacarıqlarını inkişaf etdirmək, eləcə də ali təhsil müəssisələri arasında elmi əməkdaşlığı genişləndirməkdir.
Çıxış edən ADAU-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov magistrant və gənc tədqiqatçıların elmi potensialının inkişaf etdirilməsinin universitetin əsas prioritetlərindən olduğunu vurğulayıb. O qeyd edib ki, bu gün elmin inkişafında gənclərin rolu getdikcə artır və onların təşəbbüslərinin dəstəklənməsi mühüm əhəmiyyət daşıyır. Prorektor ADAU-da gənc alimlərin tədqiqat fəaliyyətinə geniş imkanlar yaradıldığını, belə konfransların isə onların elmi dünyagörüşünün formalaşmasına və gələcək akademik fəaliyyətinə ciddi töhfə verdiyini bildirib.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov çıxış edərək gənclərin elmə marağının artırılmasında bu cür platformaların rolunu yüksək qiymətləndirib, elmi mühitdə fəal iştirakın vacibliyini qeyd edib. Çıxışdan sonra İlqar Orucov Azərbaycan Dövlət Aqrar Universitetinə “Açıq elmi öyrənmək üçün 12 modul”, “Biz süni intellektə güvənirik”, “Təmiz enerjiyə keçid” və “Fənlər münasibətləri – yeni biliklər istehsalı” adlı kitabları hədiyyə edib.
Konfransda Ege Universitetinin professoru Sezai Delibacak həmin universitetdə magistratura təhsili ilə bağlı təqdimatla çıxış edib. O, universitetdə tətbiq olunan magistr proqramları, beynəlxalq akademik əməkdaşlıq imkanları və tələbələr üçün yaradılan elmi-tədqiqat mühiti barədə ətraflı məlumat verib. Professor, həmçinin gənc tədqiqatçıların beynəlxalq təcrübə qazanmasının elmi inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Plenar iclas çərçivəsində ADAU-nun bağçılıq kafedrasının doktorantı Ayhan Əhmədov “Şəki-Zaqatala iqtisadi rayonunda intensiv fındıq bağlarının becərilmə texnologiyasının elmi əsasları” mövzusunda təqdimat edib. Ardınca universitetin magistrantı Orxan Qurbanov “Kəhrəba turşusu və CoSO₄·7H₂O əsaslı kompleks birləşmənin Gisela-6 calağaltısının böyümə və nəsilvermə xüsusiyyətlərinə təsirinin qiymətləndirilməsi” mövzusunda apardığı tədqiqatın nəticələrini açıqlayıb.
Konfrans plenar hissədən sonra bölmə iclasları ilə davam edib. Günün ikinci yarısında ADAU-nun yeni tədris binasında müxtəlif istiqamətlər üzrə elmi məruzələr dinlənilib və müzakirələr aparılıb.

