Azərbaycanda ali təhsil müəssisələrində əqli mülkiyyət sahəsi üzrə ixtisaslaşmış kafedraların yaradılması istiqamətində son illərdə mühüm addımlar atılıb. Bu təşəbbüs ölkədə innovasiya mühitinin gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin inkişafı və yaradıcı potensialın qorunmasına dəstək məqsədilə əqli mülkiyyət sahəsində ixtisaslı kadrların, o cümlədən əqli mülkiyyət üzrə hüquqşünasların hazırlanmasında əhəmiyyətli rol oynayır.
Əqli Mülkiyyət Agentliyindən “Tehsil365” ə bildirilib ki, 2019-cu ildən etibarən əqli mülkiyyət sahəsi ali təhsil sistemində ayrıca ixtisas kimi formalaşdırılıb. Bunun davamı olaraq müxtəlif universitetlərdə bu istiqamətdə kafedralar yaradılıb və mövcud strukturlar genişləndirilib. Xüsusilə 2022–2023-cü illərdə bu proses daha da sürətlənib və ali təhsil müəssisələri ilə dövlət qurumları arasında əməkdaşlıq gücləndirilib.
Yeni yaradılan kafedralarda müəllif hüquqları, patent hüququ, əmtəə nişanları və digər əqli mülkiyyət obyektlərinin qorunması sahəsində müasir bilik və bacarıqlar tədris olunur. Bu isə tələbələrin beynəlxalq standartlara uyğun peşəkar mütəxəssis kimi formalaşmasına şərait yaradır.
Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində 2019-cu il 16 dekabr tarixində Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə respublikada ilk dəfə olaraq Bakı Dövlət Universitetində (BDU) Əqli mülkiyyət hüququ kafedrası yaradılıb. Həmçinin 2021-ci ildə beynəlxalq ikili diplom proqramı üzrə imzalanmış müqavilə əsasında BDU ilə Fransanın Lyon 2 Universiteti arasında əqli mülkiyyət hüququ ixtisaslaşmasında kadr hazırlığı həyata keçirilir. İxtisaslaşmanın tədris planına dünya əmək bazarının tələblərinə uyğun olan və bir çox dünya ölkələrinin qabaqcıl universitetlərində tədris edilən fənlər - əqli mülkiyyət hüququ və insan hüquqları, antiinhisar hüququ, müəllif hüququ və əlaqəli hüquqlar, patent hüququ, dizayn hüququ və s. tədris olunur.
Qeyd edək ki, 2022-ci ildə Əqli Mülkiyyət Agentliyi və BDU arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, həmçinin Əqli Mülkiyyət Agentliyinin nəzdində BDU-nun Əqli mülkiyyət hüququ kafedrasının filialının yaradılması haqqında müqavilə imzalanıb.
2023-cü ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Əqli Mülkiyyət kafedrası fəaliyyətə başlayıb. Fənlər həm bakalavriat, həm də magistratura pilləsində Azərbaycan, rus və ingilis dillərində tədris olunur. Agentliyin əməkdaşları tədris işinə cəlb olunublar. Bu da tələbələrin biliklərin birbaşa əqli mülkiyyət sahəsində işləyən peşəkarlardan almaları üçün əlverişli imkan yaradır.

