Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universiteti və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində geniş mədəni proqram təqdim olunub.
Bu barədə “Tehsil365” ə Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin iştirakı ilə təşkil olunan konsert proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Proqramda Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppasının üzvləri tərəfindən Azərbaycan ədəbiyyatı və musiqi irsini əks etdirən səhnə çıxışları nümayiş etdirilib. Teatr kollektivi tərəfindən təqdim olunan kompozisiyalarda məşhur Azərbaycan əsərlərindən parçalar səsləndirilib.
Eyni zamanda, Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ Zəfəri” rəqs ansamblı Azərbaycan milli rəqslərinin zənginliyini əks etdirən xoreoqrafik nömrələrlə çıxış edərək tədbirə xüsusi rəng qatıb.
Konsert proqramı Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirməklə yanaşı, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və alqışlarla müşayiət olunub.

