Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə aprelin 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Azərbaycan aşıq yaradıcılığında milli-mənəvi dəyərlərin təcəssümü” mövzusunda elmi-praktik seminar keçiriləcək.
Bu barədə “Tehsil365” ə MEMİM-dən məlumat verilib.
Bildirilib ki, seminarın məqsədi Azərbaycan folklorunun ən böyük qollarından biri olan aşıq yaradıcılığı vasitəsilə xalqın milli-mənəvi dəyərlərinin qorunması, vətənə olan məhəbbəti öz yaradıcılığında tərənnüm edən aşıqların tanıdılması, həmçinin bu qədim irsin gələcək nəsillərə ötürülməsidir.
Seminarda folklorşünas alim və mütəxəssislərin mövzuya həsr olunan çıxışları dinləniləcək, bu ulu sənətin yaşadılması və təbliği ilə bağlı müzakirələr aparılacaq.
Tədbir çərçivəsində tanınmış aşıqların ifalarından ibarət bədii proqram təqdim olunacaq.

