Universitetinin (ADNSU) rektoru dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Şenjen şəhərində keçirilən nüfuzlu "QS China Summit 2026" (QS Higher Education Summit China) tədbirində iştirak edir.
Universitetdən “Tehsil365” ə bildirilib ki, sammit çərçivəsində rektor Rüfət Əzizov dünyanın aparıcı ali təhsil müəssisələrinin rəhbərləri ilə birgə “Beynəlxalq əməkdaşlıq: Çin Asiya və dünya ölkələri ilə tərəfdaşlıq qurur” mövzusuna həsr olunmuş mühüm panel sessiyada məruzəçi qismində çıxış edib.
Müzakirələrdə Rüfət Əzizovla yanaşı, Malayziyanın Menecment və Elm Universitetinin (MSU) tədqiqatlar üzrə prorektoru professor Norfilza Mohd Moxtar, Çinin Honq Konq Xüsusi İnzibati Bölgəsinin Honq Konq Politexnik Universitetinin qlobal işlər üzrə prorektoru professor Gefri Qiping Şen və Böyük Britaniyanın Kral İncəsənət Kollecinin Akademik məsələlər üzrə prorektoru professor Ken Neil iştirak ediblər.
Müzakirələr zamanı beynəlxalq ekspertlər rəqabətədavamlı əməkdaşlıq modellərinin qurulması, risklərin idarə olunması və universitetlərin qlobal reputasiyasının yüksəldilməsi yollarını təhlil ediblər. Xüsusilə fərqli qitələrdəki kampuslar arasında innovasiya və mədəni mübadiləni təşviq edən ortaq ekosistemlərin yaradılmasının əhəmiyyəti vurğulanıb, birgə tədqiqat alyansları və tələbə mobilliyi kimi strateji məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sammit çərçivəsində ADNSU ilə İndoneziyanın BİNUS Universitetinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib. Görüşdə tərəflər arasında elmi-tədqiqat istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Xüsusən də doktorantların qısamüddətli elmi-tədqiqat məqsədilə qarşılıqlı səfərlərinin təşkili, tələbə-müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi və birgə elmi layihələrin icrası istiqamətində ilkin razılığa gəlinib. Görüşdə, həmçinin gələcəkdə ikitərəfli akademik əlaqələrin daha da inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
30-dək ölkədən 150-dən çox universitetin iştirak etdiyi sammit çərçivəsində təşkil olunan təhsil sərgisində ADNSU öz stendi ilə də təmsil olunub və ziyarətçilərə universitetin təhsil imkanları, ixtisasları və beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumat təqdim edilib.
Ali təhsil sahəsində beynəlxalq nüfuza malik platformalardan biri olan “QS China Summit 2026” dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, təhsil ekspertlərini və ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirir. Tədbir çərçivəsində ali təhsildə beynəlmiləlləşmə, innovasiya, keyfiyyət təminatı, strateji inkişaf, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və qlobal akademik əməkdaşlıq kimi aktual mövzular müzakirə olunur.

