AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Landşaftşünaslıq və Ekoloji coğrafiya şöbələrinin əməkdaşları tərəfindən Balakən və Zaqatala rayonlarında növbəti monitorinq işləri həyata keçirilib.
AMEA-dan “Tehsil365” ə bildirilib ki, monitorinqlər Balakən rayonunun Poçtbinə və Mahamalar kəndlərində, eləcə də Zaqatala rayonunun Mazıx və Talaçay ərazilərində aparılıb. Tədqiqat zamanı qeyd olunan ərazilərdə çay yataqlarından lil nümunələri götürülərək analiz üçün toplanılıb. Bununla yanaşı, Mahamalar kəndi ərazisində Balakənçay üzərində yerləşən və kəndi ətraf yaşayış məntəqələri ilə birləşdirən körpünün beton dayaqlarında əvvəl aparılmış ölçmələrə yenidən baxış keçirilib.
Təkrar müşahidələrin nəticələrinə əsasən müəyyən olunub ki, körpünün sol tərəfində yerləşən birinci dayağın göstəricisi 1,80 metrdən 1,38 metrə qədər azalıb. Bu isə həmin hissədə 0,42 metr həcmində dolma prosesinin baş verdiyini göstərir. İkinci dayağın ölçüsü 1,80 metrdən 2,07 metrə qədər artıb və bu, 0,37 metr həcmində yuyulma (eroziya) prosesinin getdiyini göstərir. Üçüncü dayaq hissəsində isə 1,58 metr ölçü qeydə alınıb və burada da 0,22 metr dolma müşahidə olunub.
Aparılan monitorinqlər bölgədə hidromorfoloji proseslərin dinamikasını izləmək və gələcəkdə yarana biləcək risklərin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.

