Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Dövlət Universiteti, “BDU könüllüləri” təşkilatı və “Ailəm könüllüləri”nin birgə təşkilatçılığı ilə “Ailə: Dəyərlər və ənənələr” mövzusunda görüş keçirilib.
Bu barədə “Tehsil365"ə Dövlət Komitəsindən məlumat verilib.
BDU-nun əməkdaşı, “BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov çıxış edərək güclü ailə modelinin cəmiyyətin əsasını təşkil etdiyini bildirib
Komitənin əməkdaşı Rafiq Mahmudov ümumən dünyada, o cümlədən ölkədə nikah və boşanma hallarına dair statistik göstəricilərə toxunaraq, gənclər arasında ailə dəyərlərinin təbliğinin vacibliyindən bəhs edib. Diqqətə çatdırıb ki, evlilik təkcə hüquqi münasibət deyil, həm də insanın düşüncə və davranış tərzində dəyişiklik tələb edən mühüm həyat mərhələsidir.
Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov iştirakçılara ənənənin mahiyyətini izah edərək sağlam ailənin təməlində milli ənənələrə bağlılıq və dəyərlərin qorunmasının xüsusi yer tutduğunu deyib. Vurğulayıb ki, ailə institutunda ənənəyə sadiqlik vacibdir, lakin innovasiyaya, inkişafa da yer verilməlidir. Ənənə və dəyərlər nəsildən-nəslə ötürülərək cəmiyyətin bütövlüyünü təmin edir.
Görüş müzakirələrlə davam edib.

