Aprelin 9-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Sevimli cizgi filmim” mövzusunda “Dostluğun sehri” adlı VIII Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin yekun tədbiri keçirilib.
“Tehsil365" xəbər verir ki, müsabiqəyə Azərbaycanla yanaşı, Türkiyə, Belarus, Bolqarıstan, Qətər, Latviya, Qazaxıstan, Türkmənistan, İordaniya, Rumıniya, Özbəkistan, Latviya və Tailanddan 348 məktəb, müəssisə və təşkilatdan 2792 rəsm işi təqdim olunub. 6-17 yaşlı uşaqlar çəkdikləri rəsm işlərində sevə-sevə izlədikləri cizgi filmləri və sevimli qəhrəmanları barədə öz fikir və düşüncələrini bildiriblər.
Yekun tədbirdə müsabiqəyə qatılan uşaqların qalib rəsm işlərinin sərgisi təşkil olunub və təltifetmə mərasimi keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri və müsabiqədə qalib olan uşaqların təmsil etdikləri ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin əməkdaşları iştirak ediblər. Səfirliklərin nümayəndələri qalib uşaqlara medal, diplom və kataloqlar təqdim ediblər.
Təltifetmə mərasimində mərkəzin bədii kollektivləri çıxış edib.

