Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov “Məktəbdə...” layihəsinin qonağı olub.
“Tehsil365“ xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, layihənin budəfəki görüşü Azərbaycanın Mili Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.
Qonaq görüşdən əvvəl Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin büstü önünə gül dəstəsi qoyub.
İbad Hüseynov şagirdlərlə I Qarabağ müharibəsi dövründə yaşanan ağır sınaqlardan, şərəfli döyüş yolundan, Vətən uğrunda mübarizənin əhəmiyyətindən və qəhrəmanlıq anlayışından danışıb. Milli Qəhrəman böyük zəfərin başlanğıcı olan Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində qazanılan Qələbədə Azərbaycan Ordusunun rəşadətindən, hərbi hazırlığından və yüksək döyüş ruhundan bəhs edib. Gənclərə vətənpərvərlik ruhunun aşılanmasının vacibliyindən, bu məsələdə məktəb və müəllimlərin üzərinə düşən vəzifələrdən söz açan İ.Hüseynov Vətən sevgisi ilə yetişən gəncliyin milli dəyərlərə sadiq, güclü və məsiliyyətli şəxsiyyətlər kimi formalaşacağını vurğulayıb.
“Mənim üçün ən uca hiss Vətən sevgisidir”, - deyən Milli Qəhrəman şagirdlərə bu sevgini daim uca tutmağı, onu sadəcə sözdə deyil, əməllə sübut etməyi tövsiyə edib, uşaqları maraqlandıran sualları cavablandırıb.
“Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

